[b]“Neftçi” Qurbanov - Məlikov qalmaqalına münasibət bildirdi[/b]
26.10.2015 - 21:04
[b]“Neftçi” Qurbanov - Məlikov qalmaqalına münasibət bildirdi[/b]

“Neftçi” - AZAL matçından sonra mətbuatda yayılan bəzi açıqlamalar yanlış yozulmağa başladı. Bu iki klub arasında hər zaman gözəl münasibət olub. Rəhbərlik səviyyəsində hər iki komanda qarşılıqlı hörmət və diqqət nümayiş etdiriblər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov deyib.

 

Klub rəsmisi AZAL-ın üzvü Rail Məlikovla “Neftçi”nin hücumçusu Ruslan Qurbanov arasında yaranmış narazılığa və söz-söhbətə münasibət bildirərək, oyunçuların emosional vaxtlarında işlətdikləri ifadələrin iki klub arasındakı münasibətlərə təsir etmədiyini vurğulayıb:

 

“Futbolçuların oyunsonrası emosional davranması başadüşüləndi. Amma bu da ixtiyar vermir ki, kimsə digər klubun daxili işləri barədə mülahizə irəli sürsün. Yəni futbolçuların emosional formada verdiyi hər hansı açıqlama “Neftçi” və AZAL-ın münasibətlərinə xələl gətirə bilməz.

 

O ki qaldı Rail Məlikova, o, vaxtilə “Neftçi”nin kapitanı olub. Elə Rail özü də yetərincə emosional futbolçudu. 2011-ci ildə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Xəzər Lənkəran” matçında o, bu emosionallığını nümayiş etdirmişdi. Kapitan 2011-ci ildə yerə atdığı formanı sonuncu dəfə 2012-ci ildə Hapoeldə “Kiryat Şmona” klubuna qarşı oyunda geyinmişdi. İsraildə 0:4 hesablı məğlubiyyətdən sonra Rail Məlikovla yollar ayrıldı və ona uğurlar arzulandı. Bu gün də bizə futbolçuya peşəkar karyerasında uğur arzu etmək qalır”.