[b]“Neftçi”nin futbolçusu baş məşqçini günahlandırdı[/b]
09.07.2014 - 14:46
[b]“Neftçi”nin futbolçusu baş məşqçini günahlandırdı[/b]

Dünya çempionatının yarımfinal görüşündə Almaniya millisinin Braziliyanı 7:1 hesabı ilə məğlub etməsi əsl sensasiya oldu. Apasport.az xəbər verir ki, çoxları cənubi amerikalıların mundialın qalibi olacağını gözlədiyi bir vaxtda, onlar Bundestimə biabırçı hesabla uduzdular.

 

8 qolun vurulduğu ilk yarımfinal qarşılaşması çoxlarına şok yaşatdı. Elə Topaz Premyer Liqasında top qovan braziliyalılar da həmyerlilərinin acınacaqlı məğlubiyyətinə inana bilmirlər.

 

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolarini günahlandırıb. Onun fikrincə, Ronaldinyo, Kaka və Robinyo kimi ulduzlar heyətdə yer almalı idilər: “Hər üçü təcrübəli futbolçudu, komandaya kömək etmək gücündədirlər. Düzdü, futbolda hər zaman sürpriz gözləmək olar. Amma daha belə hesabla yox. 1:7 çox ağır nəticədi. Hazırda bizim komandada super səviyyədə, komandanı arxasınca apara biləcək futbolçu tapılmır”.

 

“Qarabağ”ın yeni transferi Danilo Dias Braziliya millisinin məğlubiyyətini əsl biabırçılıq adlandırıb: “Hələ də şokdayam. Heç kim bu hesabı gözləmirdi. Məğlubiyyətə səbəb isə millimizin əvvəlki mundiallardakı kimi güclü olmamasıdı. Bu səbəbdən də faciə baş verdi”.

 

“Neftçi”nin müdafiəçisi Denis Silva hər bir nəticənin gözlənilən olduğunu düşünür: “Futbolda hər nəticəni gözləmək olar. Amma doğma meydanda, dünya çempionatının yarımfinalında bu hesabla uduzmaq olmaz. Futbol möcüzələr oyunudu. Məsələn, çoxları bunu faciə adlandırır. Mən isə yox. Çünki faciə xeyli sayda insanın həlak olmasıdı. Futbol bir oyundu və orada hər şeyi gözləmək olar. Sabah Almaniya da eyni hesabla uduza bilər”.