“Neftçi”nin boş qalan baş məşqçi postuna namizədlərdən biri də bəlli olub. Apasport.az saytının məlumatına görə, eyni vaxtda bir neçə mütəxəssislə danışıqlar aparan Bakı təmsilçisi indi də nəzərlərini Monteneqroya yönəldib.
Komandanı zirzəmidən mükafatçılar sırasına daşıyan Tərlan Əhmədovla müqaviləni yeniləməyən “ağ-qaralar” daha çox Rusiyadakı fəaliyyəti ilə tanınan Miodraq Bojoviçə elçi düşüb. 3 həftədən sonra – iyunun 22-də 50 illik yubileyini qeyd edəcək balkanlı futbolçu karyerasında “Buduçnost” (Monteneqo), “Srvena Zvezda” (Serbiya), “Pelita” (İndoneziya), APOP (Kipr), “Avispa” (Yaponiya), “Valviyk” və “Rozendal” (Hollandiya) klublarında çıxış edib.
2000-ci ildən başladığı məşqçilik karyerasında klubları əlcək kimi dəyişən Bojoviç 18 ildə 14 klubda çalışıb. O, Serbiya “Borats”ına 3, Rusiya “Amkar”ına 2 ayrı-ayrı vaxtda rəhbərlik edib. Serbiya, Monteneqro, Kipr, Yaponiya klublarında işləmiş Bojoviç 2 illik “Srvena Zvezda” macəralarını saymasaq, 2008-ci ildən Rusiyada fəaliyyət göstərir. “Amkar” (2008 və 2011-12), “Moskva” (2009), “Dinamo” M (2010-11), “Rostov” (2012-14), “Lokomotiv” (2014-15) klublarında çalışmış monteneqrolunun son iş yeri “Arsenal” olub. 2017-ci ildən Tula təmsilçisinə rəhbərlik edən mütəxəssis bu il postundan ayrılıb.
“Srvena Zvezda”nı Serbiya çempionu, “Rostov”u Rusiya kubokunun qalibi edən Bojoviç fəaliyyəti boyu klub rəhbərlikləri ilə yola getməməsi ilə diqqət çəkib. 2007-ci ildə “Buduçnost”la ardıcıl 27 matç uduzmayan çalışdırıcı işinə müdaxilə edən rəhbərliklə kəllə-kəlləyə gəlib, sonda isə postundan istefa verib.
Onun “Amkar”dan ilk gedişi də eyni səbəbdən olub. Komandasını Premyer Liqada 4-cü, kubokda finalçı edən monteneqrolu layiq olduğu qiymətin verilməsi tələbini irəli sürüb və klub prezidenti ilə münaqişələr aparmaqdan çəkinməyib.
Digər klublarda vəzifənin öhdəsindən gələ bilmədiyi üçün postundan ayrılıb. Rusiya Premyer Liqasının son mövsümündə isə onun rəhbərlik etdiyi “Arsenal” avrokubokların bir addımlığında dayanıb. Bu üzdən də Bojoviç istefa verib.
Qeyd edək ki, bunadək Temuri Ketsbaya və Marius Şimuditsa ilə anlaşa bilməyən “Neftçi” İvaylo Petevlə də danışıqlar aparır.