“Bu gün ikinci oyunumuz idi. Futbolçularım səhər də 80 dəqiqə oynamışdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Krılya Sovetov”un baş məşqçisi Andrey Tixonov deyib.
Antalya hazırlığı çərçivəsində “Neftçi” ilə qarşılaşan və 2:0 hesablı qələbə qazanan Samara təmsilçisinin çalışdırıcısı fikirlərini apasport.az saytı ilə bölüşüb: “Düşünürəm ki, çox yaxşı komandanız var. Texnikalı və sürətli çıxış edirdilər. İlk hissədə bir az yorğun görünürdük, amma ikinci hissədə artıq bərabərsəviyyəli oyun getdi. Sizin komanda ilə oynamaq xoşuma gəldi”.
Bir zamanların məşhur futbolçusu Sovet dövründəki “Neftçi” ilə indiki komanda arasındakı fərqdən də danışıb: “Mən Sovet vaxtında oynamamışam, komandanın o vaxtkı gücündən xəbərdar deyiləm. Amma bilirik ki, SSRİ zamanında həm Tiflis “Dinamo”su, həm də “Neftçi” güclü komandalar idilər. İndi isə başqa zamandı. O komandaları müqayisə edə bilmərik”.
Tixonov Emin Mahmudov haqqında da fikirlərini çatıdırb: “Onun “Neftçi”yə keçidinin geriyə addım olduğunu düşünmürəm. Hər şey oyunçunun özündən asılıdı. Fərqi yoxdu, “Spartak”da oynayır, “Krılya Sovetov”da, yoxsa “Neftçi”də. Əsas məsələ oyunçunun başındakıdı. Əgər o, bu addımı atmaq istəyirsə, deməli vətənə dönüşü geriləmək kimi qəbul etmək olmaz. Biz Eminlə “Spartak”da birlikdə işləmişik. Çox yaxşı futbolçudu və istənilən komandanı gücləndirmək potensialı var”.