[b]“Onlar Bakıya medal dalınca gəliblər” – Elio Souza[/b]
12.05.2016 - 16:06
[b]“Onlar Bakıya medal dalınca gəliblər” – Elio Souza[/b]

“Azərbaycan və Şotlandiya üzərində qələbə qazanmaqla, qrup birinciliyini təmin etmişdik. Bununla belə, qrupdakı sonuncu matçda da qalib gəlmək istəyirdik. Amma Belçika ilə matçda effektli ola bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Elio Souza deyib.

 

Bakıda keçirilən U-17-lərin Avropa çempionatında millimizlə eyni qrupda mübarizə aparmış portuqallar 3 oyundan 7 xal topladılar. Qrup birinci kimi, adını növbəti mərhələyə yazdıran Pireney təmsilçisi B qrupunun ikincisi Avstriya ilə üz-üzə gələcək.

 

Ölkəsinin mətbuatına açıqlamasında Souza komandasının turnirdəki çıxışını dəyərləndirib. O, Avstriya ilə qarşılaşmanın daha çətin keçəcəyini bildirib: “Qrup oyunlarında kifayət qədər qol imkanı yaratmağımız sevindirici haldı. Bütün görüşlərdə sona qədər mübarizə aparmışıq. İndi bizi Avstriya ilə oyun gözləyir. Əgər ¼ finala adlayıblarsa, deməli, Avstriya yığması hazırkı məqamda Avropanın ən güclü 8 komandasından biridi. Rəqibimiz çox güclüdü və Bakıya medal dalınca gəlib. Rəqibi yaxşı təhlil edib, güclü və zəif cəhətlərini müəyyənləşdirəcəyik. Heyətlərində yaxşı futbolçular var. Amma biz çalışacağıq ki, Avstriya yığmasının istədiyi kimi oynamasına imkan verməyək. Qələbə qazanıb, turnirdəki çıxışımızı davam etdirməliyik”.

 

Qeyd edək ki, Portuqaliyanın Avstriya ilə oyunu şənbə günü “Dalğa Arena”da keçiriləcək. 

0