AFFA-nın mətbuat xidmətinin sabiq rəhbəri Lətif Novruzovun apasport.az saytına müsahibəsi
- Uzun müddətdi mətbuatdan kənarda qalmısız. Hazırkı işiniz nədən ibarətdi və sizi qane edirmi?
- Bəli, qane edir, yenə futboldayam. Ən çox sevdiyim uşaq futboludu. “Vətən” Uşaq Gənclər Məktəbində baş təlimatçı kimi çalışıram. Birbaşa təşkilati məsələlərə, təlim-məşq toplanışları, məşqçilərlə aparılan işlərə cavabdehəm. Əminəm ki, məktəbimiz Azərbaycan futboluna heç olmasa, 1 futbolçu verəcək. Bunu bacarsaq, bizim üçün böyük qələbə olar. Uşaqlarla işləyib, onlara qulluq etməkdən zövq alıram.
- AFFA-nın mətbuat xidmətində çalışdığınız dövrü necə xatırlayırsız?
- 1998-in illərin sonu idi, “Ədalət” qəzetində idman şöbəsinin müdiri işləyirdim. O zaman futbolumuzda vəziyyət o qədər də yaxşı deyildi. Mətbuatda Fuad Musayev və onun rəhbərlik etdiyi AFFA haqda qeyri-obyektiv yazılar çox gedirdi. “Ədalət” qəzetində qoşa səhifəni həmişə mən hazırlayırdım. “AFFA – görünən və görünməyən tərəflər” sərlövhəli yazı ilə qəzetdə çıxış etdim. Fuad Musayev həmin yazını oxuyubmuş. Öz subyektiv fikirlərimi yazmışdım. Günlərin bir günü redaktorumuz Aqil Abbas mənimlə görüşəndə dedi ki, sabah filan vaxtda AFFA-da olarsan, Fuad Musayev səni gözləyir. Getdim AFFA-ya, Musayevin qəbulunda oldum. Mənimlə sual-cavab etdi. O vaxt, ümumiyyətlə, nazirliklərin əksəriyyətində mətbuat xidmətləri təzə-təzə yaranırdı. Mənimlə qısa söhbətdə ona futbola bağlı olduğumu dedim. Özüm də vaxtilə futbol oynamışam, 70-ci illərdə tələbə olmazdan əvvəl Azərbaycan çempionatında çıxış etmişəm. Dedi ki, səni o yazına görə çağırmışam, bizimlə əməkdaşlıq edə bilərsənmi? Ürəyimdən oldu, çünki birbaşa Azərbaycan futbol təsərrüfatında işləyəcəkdim. Razılığımı verdim. Təxminən 1 həftə sonra milli komandanın ilk səfəri Rumıniyaya oldu. Mən də səfərdə iştirak etdim. Orda da işlə bağlı danışdıq və son sözü bu oldu ki, qayıdandan sonra fikirlərini yazılı surətdə AFFA-ya təqdim edərsən. O cür də etdim, 1 həftə, 10 gün sonra orda işə başladım. 2003-cü ilə qədər AFFA-nın mətbuat xidmətində çalışdım. Federasiyadan ayrılanda o qədər yorğun idim ki, 3 ay evdən bayıra çıxa bilmədim. Heç stadiona da getmək istəmirdim. Bu günlə müqayisədə onda iş, doğrudan da, çətin idi. Nə klublarda mətbuat xidməti, nə də bu qədər saytlar var idi.
- Həmin vaxt mətbuatla əlaqəni necə qururduz?
- Primitiv üsullarla. Məndə futboldan yazan jurnalistlərin hamısının telefon nömrələri var idi. Mobil telefon olmayan vaxt evdən əlaqə saxlayırdım, özüm onlarla görüşürdüm. Klublarla da münasibəti bu cür qururdum.
- Fuad Musayevin diktator xarakterli insan olduğu deyilir. AFFA-da çalışmağa razı olduğunuz üçün sonra peşmanlıq hissi keçirmədiniz? Ümumiyyətlə, onunla işləmək rahat idi?
- Deməzdim ki, Fuad Musayev diktator xarakterli insandı. Çox ürəyi yumşaqdı. Adətən ilk baxışdan əsəbi, zəhmli, sərt görünən insanlar əslində çox ürəyiyumşaq, mülayim olurlar. Bunu həyat təcrübəmə əsaslanıb, deyirəm. Fuad Musayevlə bir yerdə çalışdığım dövrdə başda idarəçilik olmaqla, çox şey öyrəndim. O, sərt davrananda da 1 saat sonra könlümüzü elə alırdı ki, etdiyi sərtlik yadımızdan çıxırdı. Fuad Musayev həmişə çalışıb ki, Azərbaycanda futbol Avropadakı kimi olsun. Daha bir yaxşı xüsusiyyəti odu ki, onunla razılaşmayanda nəyisə əsaslandırıb, ortaya qoyursansa, səninlə razılaşır. Mən özüm də elə adamam.
- AFFA-nın hazırkı mətbuat xidmətinin işini necə qiymətləndirirsiz?
- O dövrlərlə müqayisədə bu gün onların imkanı daha çoxdu. Həmin imkanlardan da lazımınca istifadə edirlər. İndi assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə şəxsi münasibətim var. Sağ olsun, AFFA-nın nə vaxt tədbiri olursa, məni yaddan çıxarmır. Ona ərkyana sözümü deməkdən çəkinmirəm, o da imkan daxilində edir.

- Siz futbolumuzun pulsuz vaxtında çalışmışız. Mikayıl Nərimanoğluya isə yaxşı dövrdə işləmək nəsib oldu. Səmimi cavab verin, heç onun paxıllığını çəkirsizmi?
- Mikayılla bu gün də görüşəndə deyir ki, bu postu yaradan sən olmusan. Mən də həmişə ona deyirəm ki, hərənin bir qisməti var, bugünkü qismət sənindi. İnsan paxıl olmamalıdı.
- O dövrlə hazırkı dövrün futbolçularını müqayisə edəndə hansı fərqə varmısız?
- Xarakterləri arasında yerlə-göy qədər fərq var. Bu gün maliyyə məsələsində futbolçular tam təmin olunublar. Mən buna qarşı çıxmıram. Amma futbolçu da aldığı pula, ona göstərilən qayğıya görə heç olmasa oyun göstərməyə cəhd etməlidi. Bizim futbolçular həm çox məvacib almaq, həm gündəmdə olmaq, həm meydanda yola vermək, həm də evdən bayıra çıxmamaq istəyirlər. Buna görə də, Avropa klublarına keçə bilmirlər. Futbolçulara hər cür şərait yaradılıb, qalır onların öz üzərlərində işləməsi. İndiki futbolçuların mətbuata da münasibəti də fərqlidi. Mən həmişə tanıdıqlarıma deyirəm ki, mətbuatla sıx münasibətdə olun. Onlar istəsə, sizi zirvəyə qaldıra da bilər, zirvədən sala da. Futbolumuzun inkişafında mətbuatın rolu böyükdü.
- Problem yaşadığınız jurnalistlər olubmu? Ümumiyyətlə, milliyə qarşı qərəzli yazılar görəndə həm sizin, həm də Fuad Musayevin reaksiyası necə olurdu?
- Çox pis. İlk dəfə çıxan idman qəzetimiz “Futbol+” idi. Türkiyədə Slovakiya ilə oyuna hazırlaşırdıq. Məşqdən sonra türkiyəli yazarlar bizə yaxınlaşdılar. “Futbol+” qəzeti səhv etmirəmsə, həmin vaxt belə bir şey yazmışdı ki, “Azərbaycan milli komandası bir qarın çörəkdən ötrü Türkiyədə qalmağa, təlim-məşq toplanışı keçməyə razılaşıb”. Türkiyəli jurnalistlər bizə dedilər ki, “Futbol artı” qəzeti belə bir şey yazıb. Fuad müəllim məndən soruşdu ki, hansı qəzeti nəzərdə tuturlar? Dedim ki, “Futbol+” qəzetini. Sualına cavab verdik, dedik ki, biz bura bir qarın çörəkdən ötrü gəlməmişik. Sadəcə, burda daha yaxşı şərait var və siz də bizim qardaşlarımızsız. Mən həmişə demişəm ki, Türkiyənin dünya üçüncüsü olmasında Azərbaycanın qrupdakı oyunlarının böyük təsiri oldu. Əlbəyaxa çıxdığımız jurnalistlər də olub, amma onların hamısı ilə indi yaxşı münasibətdəyəm.
- Türkiyədə Slovakiya ilə oyuna hazırlaşdığınız dönəmdə sizə necə münasibət göstərdilər?
- Bizə, doğrudan da, böyük diqqət göstərirdilər. “Beşiktaş”ın bazasında məskunlaşmışdıq. Bizim futbolçular Azərbaycanda görmədikləri bəzi şeylərlə orda rastlaşdılar. Uşaqlar gündə 3 dəfə məşqdən sonra formalarını, butslarını çıxarıb, orda qoyurdular. İkinci məşqə gələndə görürdük ki, formalar yuyulub, ütülənib. Demək olar ki, hər futbolçumuza bir cavan türkiyəli uşaq qulluq edirdi. Hətta bir dəfə gördüm ki, İlham Yadullayev gülür. Dedim, Yadullayev, nəyə gülürsən? Zarafatla cavab verdi ki, Lətif müəllim, biz belə şeyə öyrəşməmişik axı, heyf deyil, formanı, şortikini özün yuyub, sərirsən (gülür). İlham Yadullayevlə bağlı daha bir maraqlı məqam yadıma düşdü. Uelsə 0:4 hesabı ilə uduzduğumuz oyunu xatırladım. O vaxt paltardəyişmə otağına məşqçidən başqa, yalnız Fuad Musayev girə bilərdi. Baş məşqçi Əsgər Abdullayev idi. Fasilədə dedi ki, Yadullayevi oyuna buraxmaq istəyirəm. İlham da meydanda məşq edirdi. Çıxıb “Yadullayev, Yadullayev” deyəndə, yerli azarkeşlərdən biri “Yatullayev” deməyə başladı. Ona öz dilimizdə sərt cavab verdim ki, səsini kəs, mumla (gülür).
- Türkiyə yığmasının həmin il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında millimizin də rolu olmuşdu…
- Bəli, bəli. Türkiyədə hazırlaşanda Halik Ulusoy bizə dedi ki, Azərbaycan cocuqları o əyri stadionda Slovakiyanı məğlub edəcəklər, bunu bacarsanız, sizə nə kömək lazımdısa, edəcəm. Elə də oldu. Futbolçularımızın birinci liqaya çıxmasına şərait yaradacaqlarını demişdilər. Amma bizim futbolçular bundan istifadə edə bilmədilər. Qalib gəldikdən sonra Haluk Ulusoy bizə təbrik teleqrafı göndərdi və etiraf etdi ki, Bursa səhərə qədər “Azərbaycan” deyərək hayqırıb.
- Yığmamız əksər vaxtlarda məğlub olub. Futbolçular və baş məşqçi kimi, yəqin ki, siz də rəqib həmkarınızı təbrik etməkdən bezərdiniz…
- Çox bezirdik. Həmişə istəmişik ki, qələbəmiz olsun, nə vaxtsa bizi də təbrik etsinlər. O vaxt seçmə mərhələdə hər dəfə kiməsə badalaq vururduq. Serbiya və Çernoqoriyaya Bakıda qalib gəldiyimiz oyun yadıma düşdü. Serblərin heyətində məşhur futbolçu Darko Kovaçeviç çıxış edirdi. Matçdan sonra onun siqaret çəkdiyini gördüm, məğlubiyyətə görə o qədər əsəbiləşmişdi ki. Serblərin futbol federasiyasının prezidenti dilxor halda dayanmışdı. Fuad Musayev dedi ki, gəl gedək, dilxordu, onunla söhbət edək. Dedim ki, Fuad müəllim, mən getmirəm, o qədər ağlayan günlərimiz olub ki, hansı gəlib, təsəlli verib? Musayev gedib könlünü aldı. Həmin oyundan sonra rəqibin baş məşqçisi istefa vermişdi.
- AFFA-da çalışdığınız dönəmdə millinin ən ağır məğlubiyyəti hansı olub?
- Portuqaliyaya 0:7 hesabı ilə uduzduğumuz görüş. Çox pis olmuşduq. Amma burda heç-heçə oynadıq. Portuqaliya Futbol Federasiyasının həmin vaxt rəhbəri Jilbertu Madail idi. Yadınızdadısa, 1 gün qabaqkı oyunda stadionda işıqlar sönmüşdü. Bu səbəbdən biz onlarla 2 gün oynadıq. UEFA-nın reqlamentinə görə, 35-40 dəqiqə ərzində yerli komanda bu cür problemi həll edə bilmirsə, həmin yığmaya texniki məğlubiyyət verilməli idi. Ordan dedilər ki, son söz Portuqaliya Futbol Federasiyasınındı. Onda Madail Fuad Musayevin şəxsiyyətinə görə, UEFA-ya məlumat verdi ki, biz sabah oynamağa razıyıq. Halbuki oynamaq istəməsəydilər, yığmamıza texniki məğlubiyyət veriləcəkdi. Sabahkı gün uzun müddət hesabda öndə olduq. Fiqunun “Barselona”da “bərk gedən” vaxtları idi. Azərbaycan yığmasına vurduğu bərabərlik qolundan sonrakı sevinci yadımdan çıxmaz. Butsusunun birini ora, birini bura atdı.

- Bəs ən çox sevindiyiniz oyun...
- Ən çox sevincim evdə Slovakiyaya qalib gələndə olub. O qədər sevinmişdim ki, halım pisləşmişdi. Oğlum Rüstəm də həmin vaxt yanımda olub. Bu günə qədər də deyir ki, ata, onda yaman qorxutmuşdun məni.
- Yığmanın bir çox məşqçisi ilə birgə çalışmısız. Hansı ilə işləmək sizin üçün daha rahat idi?
- Əhməd Ələsgərovdan tutmuş Əsgər Abdullayev, İqor Ponomaryova qədər birgə işləmişəm. Mənim üçün ən asan Vaqif Sadıqovla çalışmaq olub. UEFA-da o vaxt yenilik olanda mən faks vasitəsilə əlaqə saxlayırdım. Sadıqova deyəndə ki, bu yaxınlarda milliyə lazım olan bir şey – jurnal və ya disk almalıyam, bunu heç vaxt yadından çıxartmırdı. Gəlirdi, tələb edirdi ki, bu, sənin işindi, sən mənə çatdırmalısan. Bu cəhətini çox bəyənirdim. Əsgər Abdullayevlə də işləmək rahat idi. Həmişə öyrənməyə cəhd edirdi. Özü də o vaxt Əsgər müəllim çox gənc idi.
- Əsgər Abdullayevin hamıya məlum qəribə inancları haqda nə deyə bilərsiz?
- Bəli, onun qəribə inancları var, kimsə asqıranda soruşurdu ki, tək səbir gəldi, yoxsa cüt? Geyimindən tutmuş hər hansı bir sözə, səbir məsələsinə qədər inanır. Açığı, mən özüm də o qəbildən olan insanlardanam. Ona görə də onu haqlı hesab edirdim.
- Mərhum Əhməd Ələsgərovu necə xatırlayırsız? Yeri gəlmişkən, o da Fuad Musayev kimi, diktator olub…
- Əhməd müəllim futbol professoru idi. Xaraktercə çox sərt adam idi. Onunla saatlarla söhbət edirdim və bundan böyük həzz alırdım. Soruşurdum ki, Əhməd müəllim, nə vaxt bizim futbolçular yaxşı oynaya biləcəklər? Deyirdi ki, nə vaxt cinah müdafiəçilərimiz hücuma atıldıqları kimi geri qayıda biləcəklər, onda bizim futbol inkişaf edəcək. O vaxt Rəşid Özbəyov və Şakir Qəribov kimi cinah müdafiəçilərimiz var idi, həm hücuma dəstək olurdular, həm də müdafiəni boş buraxmırdılar. İndi elə oyunçularımız yoxdu.
- Futbolçulardan hansının xətrini daha çox istəyirdiz?
- Hamısı ilə yaxşı münasibətdə olmuşam. Hər birinə böyük qardaş kimi yanaşmışam. Elə olub ki, paltardəyişmə otağında əyinlərindən çıxardıqları formaları, getrləri özüm yığmışam. Amma ən çox Zaur Tağızadənin xətrini istəyirdim. Nəyə görə Zaur? Çünki ona ilahi tərəfindən vergi verilmişdi. Əfsuslar olsun ki, istedadın üstündə axıra kimi işləmədi. Deyirdim ki, səndə olan istedad oğlumda olsaydı, mən onu gecə yatmağa qoymazdım. Zaurda bir az tənbəllik var idi. Onu da deyim ki, Zaur Avropada doğulub, futbolda ilk addımlarını orda atsaydı, böyük futbolçu olardı. Köhnə futbolçularla bu gün görüşəndə cavanlaşıram. Keçmiş xatirələri yada salırlar, mənə də ləzzət edir.
- Yəqin razılaşarsız ki, o vaxt futbolçuların danışıq qabiliyyətində daha böyük problemlər var idi…
- Razıyam. Uelsdə 21 yaşlılarımız oynayırdı. Himnimizin heç 2 misrasını oxumağı bacarmayanlar var idi, əfsuslar olsun ki, indi də belələri var. Türkiyədə azarkeşlərin öz himnlərini oxumağını görmüşdüm, onlara qibtə edirdim. Türkiyə ilə oyunda Azərbaycanın himni səslənəndən sonra Haluk Ulusoy məni qucaqlayıb öpdü. Dedi ki, himninizi ən ucadan sən oxuyurdun. Gərək himnlə, bayraqla yaşayasan. 17 yaşlıların Quş adasında qrup yarışları keçirilirdi. Vüqar Nadirov millimizin kapitanı idi. Açılışda mən də daxil olmaqla, rəhbərlik iştirak edirdi. Gördüm ki, bizim bayrağımızı düz asmayıblar. Açılış başlamaq üzrə idi. Türkiyə Futbol Federasiyasının nümayəndələri orda idilər. İdman Texniki Komissiyasının rəhbərinə məlumat verdim. Türkiyənin öz nümayəndəsi dedi ki, Lətif bəy, açılış artıq başlayır, sonra səhvimizi düzəldərik. Dedim ki, xahiş edirəm, 5 dəqiqə gec başlaya da bilərik. Bayrağı çevirdik.
Orda bir hadisə də oldu. Qrupda sonuncu oyunumuzu gürcülərə qarşı keçirirdik. Onlara qalib gəldik. Gürcülərin nümayəndəsi mənə dedi ki, Novruzov, sizdən xahiş edirik, avtobusa minəndə hay-küy olmasın. Uşaqları təbrik etdik. Vüqar Nadirov məndən soruşdu ki, Lətif müəllim, avtobusa minəndə “Azərbaycan, Azərbaycan” deyə qışqıra bilərik? Dedim ki, mən də sizinlə birgə “Azərbaycan, Azərbaycan” deyə qışqıracam, sonra avtobusa minəcəyik. Vüqar bayrağa büründü, irəlidə o, arxasında isə digər futbolçular “Azərbaycan” qışqıraraq, avtobusa mindilər. Sabahkı gün gördüm ki, gürcülərin nümayəndəsi salamımı soyuq aldı. Qayıtdı ki, mən axı sizdən xahiş etmişdim. Dedim bir dəqiqə dayan, nə demişik ki, Azərbaycanın adını çəkmişik də.

- Səfərlər zamanı qarşılaşdığınız məzəli hadisələrdən danışardız…
- Bayaq yadımdan çıxdı. Türkiyə ilə səfərdəki oyunumuzun başlanmasına 2 saat qalmış tribunalar dolmuşdu. Əlində bayraq və içi konfet dolu “salofan” olan bir nəfər diz çökərək, onları tribunalara tərəf atırdı. Bunun səbəbini soruşdum. Haluk Ulusoy dedi ki, bu adam talismanımızdı, bizimlə birlikdə yarışlara da gedir, adı da Asimdi. O anda Fuad Musayev qayıtdı ki, heç gör bizim Asim Xudiyev bunu eləyər? (gülürük).
Bir dəfə də Rumıniyada idik. Bizi paytaxt Buxarestdən bir qədər kənarda yerləşdirmişdilər. Əvvəl 21 yaşlılar əsas millidən bir gün əvvəl oynayırdılar. U-21-in oyununa gedirdik. Nahar fasiləsində elan olundu ki, avtobus filan vaxtı oteldən çıxacaq. Fuad Musayev avtobusa oturan kimi heç kimi gözləmirdilər, avtobus dərhal tərpənirdi. Bunu bilə-bilə nədənsə gecikdim. Halbuki mən heç vaxt gecikməzdim. Özü də təzə işləyən vaxtlarım idi. Turizm Nazirliyində işləyən Samur Novruzov var idi, artıq dünyasını dəyişib. O da bizimlə birlikdə səfərdə iştirak edirdi. Əslində, U-21-in oyuna getməməli idi, həmin gün tələbə yoldaşı ilə görüşəcəkdi. Məni bayırda görəndə soruşdu ki, sən niyə getməmisən? Vəziyyəti ona izah etdim. Şəhəri tanımırdım, taksi ilə getmək üçün də imkanım yox idi. Samur Novruzov dedi ki, darıxma, taksi sifariş vermişəm, mənimlə gedərsən. Məni stadiona vaxtında çatdırdı. O anda çatdım ki, komandalar salamlaşırlar.
Yadıma düşmüşkən, davam edim. Slovakiya ilə səfər oyununa 1 gün qalmışdı. Slovakiya Futbol Federasiyasının nümayəndəsi gəldi ki, getməliyik, mətbuat konfransı olacaq. Mənə də 1 gün əvvəl Fuad Musayev və İqor Ponomaryov konfransa gedəcəklərini demişdilər. İkisi də həmin gün “otkaz” etdi. Fuad Musayev dedi ki, xəstələnmişəm. İqor Ponomaryov da futbolçularla şəxsi söhbətinin olduğunu və bu səbəbdən konfransa qatılmayacağını bildirdi. Nə isə, mən getdim konfransa. Onların mətbuat katibi rus dilində danışa bilirdi. Yarım saat keçdi, Azərbaycan haqda heç kim sual vermədi. Gördüm ki, bunlar ancaq Türkiyədən danışırlar. Böyrümdəki mətbuat katibindən jurnalistlərin niyə yığmamız haqda sual vermədiklərini soruşdum. İcazə aldıqdan sonra rəqibin baş məşqçisindən millimiz haqda da fikirlərini bildirməsini xahiş etdim. Bir kəlmə dedi ki, Azərbaycanla bağlı problemimiz yoxdu. Bakıdakı oyunda isə onlara qalib gəldik. Slovakiya yığmasının baş məşqçisinə dedim ki, 1 ay qabaq Bratislavada mən sizə sual verəndə Azərbaycan haqda probleminizin olmadığını demişdiz, indi fikriniz necədi? Qayıtdı ki, Azərbaycan bizim final mərhələsinə gedən yolumuzu bağladı.
Uelslə səfərdəki oyunda Zaur Tağızadə yaxşı formada idi. Həmin görüşdə Rayan Giqqzə qarşı çıxış edirdi. Zaurun oyununu britaniyalılar da bəyənmişdilər. Giqqzlə təkbətək mübarizələrdə 2-3 dəfə ona qalib gəldi. Fasilədə dedim ki, Zaur, Giqqzə qarşı yaxşı oynayırsan, belə də davam et. O da qayıtdı ki, Lətif müəllim, Giqqz balıqdı e, bilmək olmur hara gedir? Giqqzin də onda “əjdaha vaxtları” idi.
- Oğlunuz Rüstəm Novruzov da bir ara futbolla məşğul olsa da, karyerası istədiyi kimi alınmadı...
- Elədi. Karyerasına Ukraynanın birinci liqasında son qoydu. Bağları qırılıb, zədə alandan sonra futbolu davam etdirə bilmədi. Ukrayna “Arsenal”ında Konoplyanka, Mxitaryan kimi futbolçularla bir yerdə oynadı. Oğlum indi Kiyevdə yaşayır, amma futboldan uzaqdı. Güclü futbolçu ola bilmədi, çünki zədəyə meyilli idi. “Bakı”da Qyoko Haciyevskinin vaxtında ona dedim ki, bir dəfə buna baxarsan. Çıxdı məşq etdi, Hacıyevski onu izlədikdən sonra Yaşar Seyidova dedi ki, bunun adını da siyahıya sal, Türkiyəyə toplanışa aparıram. Amma sonra şans vermədi. Oğlumla fərdi işləyəndə Ağasəlim Mircavadovla danışırdıq. Dedi ki, səndən yaxşı məşqçi çıxır. Dedim yox, məşqçilik mənlik deyil. Məşqçilik, həqiqətən də, çox çətin peşədi.
- Gələn il 65 yaşınızı qeyd edəcəksiz. Amma sizə bu yaşı vermək olmur…
- Qidalanmağıma xüsusi fikir verirəm. Qaçıram, veteranlarla futbol oynayıram. Həmişə hərəkətdəyəm. Bir də siqaret və spirtli içkidən uzaq insanam. Ona görə də belə cavan görünürəm.
Tengiz MƏMMƏDOV