“Final fitinə qədər mübarizə apardıq və təslim olmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan deyib.
Çempionlar Liqasının 2016/2017 mövsümünün qrup mərhələsi çərçivəsində dünən ilk oyununu keçirən “Real” “Sportinq”i çətinliklə üstələyib. “Qalaktikos” Portuqaliya klubu ilə qarşılaşmanın son dəqiqələrində vurduğu qollarla meydandan qalib ayrılıb – 2:1.
Matçla bağlı UEFA-nın rəsmi saytına açıqlama verən Zidan qələbəni şərh edib: “Lissabonlular döyüşkən mübarizə göstərdilər. Ancaq mənim oyunçularım daha möhtəşəm idilər. Onların əzmkarlığı sonda bəhrəsini verdi. Biz “Real”ıq, bu isə o deməkdi ki, matçın taleyini 1 dəqiqəyə də həll edə bilərik. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq və yekunda istəyimizə çatdıq”.