“Qalatasaray”ın yarımmüdafiəçisi Bruma karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçu “Leypsiq” klubu ilə anlaşıb.
Uzun müddətdi bu keçidi reallaşdırmağa çalışan Bundesliqa təmsilçisinin bir neçə cəhdi uğursuz alınmışdı. Son olaraq qarşı tərəfə 14,5 milyon avro təklif edən “Leypsiq”, nəhayət ki, arzusuna çatıb. Belə ki, İstanbul nəhəngi 23 yaşlı futbolçunu almanlara satmağa razılıq verib. Türkiyə Superliqasında həftəsonu keçiriləcək son tur matçının ardından Brumanın transferi rəsmən açıqlanacaq.
Gələn mövsüm Avropa Liqasında mübarizə aparacaq “sarı-qırmızılılar” bu keçiddən sonra yarımmüdafiənin sol cinahında yaranan boşluğu “Barselona”nın üzvü Arda Turanla doldurmağa çalışacaq. “Cim-bom” sabiq kapitanını icarəyə götürmək üçün yaxın günlərdə ispanlarla danışıqlara başlayacaq.
Qeyd edək ki, Bruma “Qalatasaray”a 2013-cü ildə “Sportinq”dən keçib.