“Qarabağ” Çempionlar Liqası tarixində 3-cü dəfə mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ildə Malta “Valetta”sını (1:0, 4:0), ötən il Monteneqro “Rudar”ını (0:0, 1:0) keçən ağdamlılar bu dəfə Lüksemburq “Düdelanj”ını (2:0, 1:1) mübarizədən kənarlaşdırıb.
Bununla, “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində ən çox mərhələ adlayan Azərbaycan klubu adına şərik olub. Əyalət klubunadək yalnız “Neftçi” Çempionlar Liqasında 3 dəfə mərhələ keçib. Bakılılar 2004-cü ildə Bosniya və Herseqovinanın “Şiroki Briyeq” (1:2, 1:0), 2005-ci ildə İslandiyanın “Hafnarfyordur” (2:0, 2:1), 2012-ci ildə Gürcüstanın “Zestafoni” klubunu (3:0, 2:2) adlaya bilib.
Lakin “Neftçi”dən fərqli olaraq, “Qarabağ” bunu ardıcıl 3 mövsümdə gerçəkləşdirib. Həm də ağdamlılar çıxış etdiyi hər mövsümdə bunu bacarıbsa, bakılılar 6 cəhddən üçündə ilk səddi də keçə bilməyib.
“Qarabağ” və “Neftçi”dən başqa daha 3 komandamız Çempionlar Liqasında mərhələ keçib. “Şəmkir” 2000/01, “İnter” 2008/09, “Bakı” 2009/10 mövsümündə bunu bacarıb.