[b]“Qarabağ” bizim barədə düşünməlidi” – Daniel Subotiç[/b]
07.04.2017 - 15:16
[b]“Qarabağ” bizim barədə düşünməlidi” – Daniel Subotiç[/b]

“Qəbələ”nin hücumçusu Daniel Subotiçin apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının XXV turunda “Qarabağ”la oyuna çıxacaqsız. Bu görüşə tam hazırsızmı?

- “Qarabağ”la oyuna maksimum gücümüzlə hazırlaşırıq. Əslində, bütün görüşlərə hazırlıq prosesimiz belə keçir. Amma bu matç bizim üçün böyük önəm kəsb edir. Axı ölkənin 2 ən güclü komandası üz-üzə gələcək.

 

- “Qarabağ”la cari mövsümdə keçirdiyiniz 3 oyunun 2-də qələbə qazanmısız. Necə düşünürsüz, yenə bu nəticəni təkrarlaya biləcəksizmi?

- Biz yalnız qələbə barədə düşünürük. Çünki “Qəbələ”ni başqa nəticə qane etməyəcək. Gəlin, belə danışaq. Çempionluq mübarizəsində sonuncu şansımızdı. Əgər mövsümü birinci pillədə bitirmək şansımızı saxlamaq istəyiriksə, mütləq “Qarabağ”ı məğlub etməliyik. Bunun öhdəsindən gələcəyimizə əminəm.

 

- Məğlub olacağınız halda, çempionluq mübarizəsini böyük ölçüdə dayandırmış olacaqsız. Bu, üzərinizdə əlavə təzyiq yaradırmı?

- Çempionatda mübarizə sona kimi davam edir. Razıyam, “Qarabağ”a məğlub olacağımız halda, şansımız daha da azalacaq. Bu, aydın məsələdi. Amma məğlubiyyət qeydə alınsa belə, şansımız tam bitməyəcək. Lakin bayaq da dediyim kimi, çempion olmaq istəyiriksə, “Qarabağ”a qalib gəlməliyik.

 

- “Qəbələ” azarkeşlərinin qol gözlədiyi əsas futbolçulardan birisiz. Necə düşünürsüz, “Qarabağ”la qarşılaşmada onların etimadını doğrulda biləcəksizmi?

- Qol vurmaq üçün əlimdən gələni edəcəm. Çalışacam ki, onları sevindirim. Güclü rəqiblə qarşılaşanda məndə daha çox motivasiya və qol vurmaq həvəsi olur. “Qarabağ” yaxşı rəqibdi və bizi gərgin 90 dəqiqə gözləyir. “Qarabağ”, həqiqətən, yaxşı futbol nümayiş etdirir. Mən oyuna xüsusi köklənmişəm. “Qarabağ”a qol vurub, komandama qələbə qazandırmaq istəyirəm.

 

- “Qarabağ”la həftəsonu baş tutacaq oyundan əlavə, daha 1 dəfə üz-üzə gələcəksiz. Söhbət Naxçıvanda baş tutacaq ölkə kubokunun finalından gedir...

- Kubokda finala qədər irəliləmişik və sonluq da yaxşı olmalıdı. Kuboku qazanacaq gücdəyik. “Qəbələ” əbəs yerə Azərbaycanın ən güclü 2 klubundan biri sayılmır. Bu komandada oynadığım üçün demirəm, fakt elədi. Mənə elə gəlir ki, hər kəs dediyimlə razılaşar. Turnir cədvəlinə də baxanda bunun şahidi oluruq. Odu ki, “Qarabağ” bizim barədə düşünməlidi. Biz bu komandanı məğlub edəcək gücdəyik və cari mövsümdə bunu 2 dəfə sübuta yetirmişik. Finalın favoriti “Qəbələ”di.

 

- 2013/14 mövsümünü də “Qəbələ”də keçirmişdiniz. Həmin vaxtla hazırkı mövsümün müqayisəsi maraqlı olardı. Nə kimi fərqlər var?

- Həmin vaxt çempionat daha gərgin keçirdi. Çünki güclü rəqiblərin sayı çox idi. “Neftçi” hazırkından qat-qat fərqlənirdi, çempionluğa oynayırdı. Təbii ki, digər güclü komandalar da var idi. Misal olaraq, “Xəzər Lənkəran” və “Bakı”nın adını çəkə bilərəm. Ümumiyyətlə, çempionluğa namizədlər çoxluq təşkil edirdilər. Qalanlarının da durumu pis deyildi. Buna görə də, çempionatın səviyyəsi daha yüksək idi.

 

- Bəs həmin “Qəbələ” ilə hazırkı “Qəbələ”ni müqayisə etsəniz, üstünlüyü indiki komandaya verərsiniz, yoxsa?

- O vaxt da zəif deyildik. Amma indiki “Qəbələ” daha güclüdü, danmaq olmaz. Komanda bunu Avropa Liqasında və çempionatda imza atdığı nəticələrlə göstərir. Çox güclü baş məşqçimiz var. Bundan əlavə, heyətdə yaxşı oyunçular qərarlaşıb. Komanda olaraq, indi daha güclüyük.

 

- “Qəbələ” ilə müqavilənizin müddəti mayda başa çatacaq. Gələcək planlarınız nədən ibarətdi?

- Hələ heç nə bilinmir. Gələcək karyeramla bağlı yekun qərarımı verməmişəm. Çempionatın başa çatmasını gözləmək lazımdı. Bundan sonra yekun fikrimi açıqlayacam.

 

Tengiz MƏMMƏDOV 

0