Topaz Premyer Liqasının qalibi adını qazanan “Qarabağ”ın çempionluğuna həsr olunan tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, mayın 7-də keçirilən XXXIV turun “İnter”lə oyununda qazanılan qələbə ilə qızıl medalları təmin edən Ağdam təmsilçisi mövsüm başa çatmamış zəfərini qeyd edib.
Futbol ictimaiyyətinin nümayəndələrini “Ay işığı” restoranında bir araya gətirən “Qarabağ” 21 ildən sonra qazanılan çempionluğun sevincini mövsüm başa çatmamış bölüşüb. Tədbirin belə tez keçirilməsi də səbəbsiz deyil.
Çünki avrokuboklara hazırlıq erkən başlamalı olduğundan futbolçularını istirahətə tez buraxacaq klub rəhbərliyi çempionluğu erkən qeyd etməyi məqsədəuyğun sayıb. Həm də mövsüm başa çatanda bəzi oyunçuların komandanı tərk etməsi, legionerlərin vətənlərinə dönməsi də buna təsir edib.
PFL prezidenti Ramin Musayev, AFFA nümayəndələri, jurnalistlər, klubun sadiq azarkeşlərinin də qatıldığı tədbirdə “Qarabağ” tam tərkibdə iştirak edib. Klub rəhbərliyi, futbolçular, məşqçi və texniki heyəti uğurlu keçən mövsümün yorğunluğunu birlikdə çıxarıblar.
Tədbirdə “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl çıxış edib. O, futbolçulara göstərdikləri oyun, media və azarkeşlərə isə dəstəyə görə təşəkkür edib. Qısa çıxışının sonunda vitse-prezident titulu qorumaq iddiasını ortaya qoyub: “Bizdən öncə “Neftçi” ardıcıl 3 dəfə çempion oldu. Biz 1-cini qazandıq. Görək ardı necə olur”.
Komandanın baş məşqçisi Qurban Qurbanov da çempionluğa sevindiklərini qeyd edib. O da azarkeşlərə və mediaya təşəkkür etdiksən sonra bir müraciəti ilə diqqət çəkib: “Biz çempion olduğumuz üçün şadıq. Lakin gəlin bunu böyütməyək, şişirtməyək”.
Baş məşqçi avrokuboklarda da yaxşı oyun göstərməyə çalışacaqlarını vəd edib. İncəsənət xadimlərinin də qatıldığı tədbir bədii hissə və təbrik çıxışları ilə davam etdirilib. Mərasimə qatılan qonaqlar, klubun üzvləri çıxışlarında 21 ildən sonra qazanılan çempionluqdan bəhs ediblər. Çempionluğu qazanan futbolçular rəqs meydanında da bacarıqlarını göstəriblər.