UEFA Çempionlar Liqasında “Şerif” üzərində səfər qələbəsi qazanaraq pley-off mərhələsinə adlayan “Qarabağ”a ölkə xaricindən də təbrik gəlib. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun uğuruna sevinənlərdən biri də “Osmanlıspor” olub.
Türkiyə təmsilçisi feysbuk səhifəsində “Qarabağ”ın “Şerif” üzərindəki qələbəsini və pley-off mərhələsinə yüksəlməsini vurğulayaraq, təbriklərini çatdırıb. Superliqa klubunun azarkeş səhifəsi paylaşımında Azərbaycan və Türkiyə bayraqlarını yan-yana göstərərək, iki ölkənin qardaşlığına işarə vurub.
Qeyd edək ki, “Şerif”lə Bakıda qolsuz bərabərə qalan “Qarabağ” səfərdə qələbə qazanaraq (2:1), tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.