[b]“Qarabağ”ı avrokuboklara aparan tur[/b]
06.04.2018 - 14:45
[b]“Qarabağ”ı avrokuboklara aparan tur[/b]

Azərbaycan Premyer Liqasının XXII turu ölkə çempionatının mükafatçılarından birinin adının rəsmiləşməsi ilə nəticələnə bilər. Apasport.az saytının məlumatına görə, yarışın lideri “Qarabağ” sona 6 tur qalmış ilk “üçlük”dəki yerini təmin etmək imkanı qazanıb.

 

Bunun üçün Qurban Qurbanovun yetirmələri sabah “Səbail”ə qalib gəlməlidi. Qazanılacaq 3 xal ağdamlıları növbəti mükafata daşıyacaq.

 

Çünki 22 oyundan sonra xal hesabı 53-ə çatacaq “Qarabağ” daha iki komanda üçün əlçatmaz olacaq. Hazırda 30 xala malik “Neftçi” “Səbail”in uduzması ilə çempionluq şansını itirəcək. “Sumqayıt” və “Zirə”dən də yalnız birinin lideri keçmək şansı qalacaq. Düzdü, ilk baxışdan hazırda 35 və 34 xala malik komandaların hər ikisinin “Qarabağ”ı keçə biləcəyi görünür. Lakin son 7 oyundan birində bu iki klub üz-üzə gələcək və ən azı biri lideri keçmək şansını “dəfn edəcək”.

 

Bir sözlə, Ağdam klubunu keçməyə nəzəri şanslarını “Qəbələ”, həmçinin “Sumqayıt” - “Zirə” cütlüyündən biri qorumuş olacaq.

 

Mükafatın təminatı üçün heç-heçə də “Qarabağ”ın işinə yaraya bilər. Amma bunun üçün həm “Sumqayıt” səfərdə “Neftçi”yə uduzmalı, həm də “Zirə” evdə “Qəbələ”ni məğlub edə bilməməlidi. Belə olanda “Sumqayıt”la “Zirə”dən yalnız biri nəzəri cəhətdən lideri arxada qoya bilər.

 

Ağdam təmsilçisi ilk “üçlük”də yerini rəsmiləşdirsə, bununla avrokuboklara vəsiqəni də indidən özəlləşdirəcək. Çünki mükafatçılar sırasında yer alan “üçlük” qitə miqyaslı turnirlərdə Azərbaycanı təmsil etmək hüququna yiyələnəcək. 4-cü komanda isə kubokun nəticələrinsən asılı olacaq.

 

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt” və “Zirə”nin hər ikisi ilə şəxsi oyunlarda üstünlüyə malikdi. Son dövrənin nəticələri də bu balansı dəyişməyəcək.

0