[b]“Qarabağ”ın Madrid hədəfi[/b]
28.10.2017 - 11:11
[b]“Qarabağ”ın Madrid hədəfi[/b]

Çempionlar Liqasının qrup mərhələsinin IV turu bəzi komandaların taleyinə aydınlıq gətirə bilər. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı gələn həftə keçiriləcək görüşlərdə rəsmiləşmək ehtimalı olan məqamları açıqlayıb.

 

Azərbaycan çempionu “Qarabağ”ın mübarizə apardığı C qrupu da istisna təşkil etməyib. Hazırda İngiltərə “Çelsi”sinin 7 xalla lideri olduğu qrupda bəzi mətləblərə elə oktyabrın 31-də aydınlıq gələ bilər.

 

Bu qrupda liderin ən yaxın izləyicisi olan İtaliya “Roma”sının 5 xalı varsa, İspaniya “Atletiko”su 2, “Qarabağ” isə 1 xala malikdi. Hesablamalar göstərir ki, qarşıdakı turda iki məsələnin rəsmiləşmək ehtimalı var.

 

Bunlardan birincisi yalnız Romadakı görüşün nəticəsindən asılıdı. Səfərdə İtaliya klubu ilə görüşəcək “Çelsi” indidən 1/8 finala vəsiqəni təmin edə bilər.

 

Bunun üçün London klubu izləyicisinə qalib gəlməlidi. Xal hesabını 10-a çatdıracaq “Çelsi” bununla da ilk 2 yerdən birini təmin edəcək. İzləyicilərin öz aralarında oyunları olduğu və xal itkisinin qaçılmazlığı “zadəganlar”ı 1/8 finala daşıyacaq.

 

Rəsmiləşmək ehtimalı olan ikinci məqam isə “Qarabağ”la bağlıdı. Xoş olmayan bu məsələ Qurban Qurbanovun yetirmələrinin Çempionlar Liqasında mübarizəni davam etdirmək şansının tükənməsi ilə bağlıdı.

 

Amma bunun rəsmiləşməsi üçün iki şərt lazımdı. Ağdamlılar Madriddə “Atlıetiko”ya uduzsa belə, 1/8 finala nəzəri şanslarını saxlayır.

 

Amma eyni vaxtda keçirilən görüşdə “Roma” London təmsilçisi üzərində qələbə qazansa, “Qarabağ” üçün qitənin ən nüfuzlu klub turnirindəki şansı bitəcək. Çünki 8 xallı “Roma” əlçatmaz olacaq. “Çelsi”nin 7, “Atletiko” 5 xala malik olsa da, onlar arasında matçın qalması çempionumuzun 1/8 final yolunu bağlayacaq.

 

Bu üzdən də qarşıdakı tur Qurbanovun komandası üçün həlledici sayılır. “Çelsi”dən asılı vəziyyətə düşüb, londonluların uduzmamasını gözləməkdənsə, Madriddə xal qazanmaq zəruridi. Ona görə də komandanın qarşısında çətin vəzifə durur. Hədəf İspaniya paytaxtından xalla dönmək olmalıdı.

 

Qeyd edək ki, “Qarabağ” qrupdakı yeganə xalını “Atletiko” ilə Bakıdakı görüşdə qazanıb – 0:0.