[b]“Qəbələ” Avrokuboklara vəsiqəni təmin etdi[/b]
01.05.2016 - 17:23
[b]“Qəbələ” Avrokuboklara vəsiqəni təmin etdi[/b]

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu adına yiyələnib. Apasport.az saytının məlumatına görə, Hüseynqulu Quliyevin yetirmələri çempionat başa çatmamış 1-ci yeri təmin edən U-15, U-16 və əvəzedicilərin ardından kluba mövsümdə 4-cü çempionluğu qazandırıb.

 

U-14 komandasının “Bakcell Elit” kubokunu da nəzərə alsaq, U-19-un çempion olması ilə mövsümdə 5-ci titul əldə edilib.

 

“Qırmızı-qaralar” çempion tituluna XVII turdan təxirə salınan “Neftçi” ilə ev oyununda sahib çıxıb. 4:0 hesabı ilə qalib gələn komanda 20 oyundan sonra xal hesabını 55-ə çatdırıb. Bununla da “Qəbələ” son tur öncəsi ən yaxın izləyicisi “Zirə”dən 5 xal öndə qərarlaşıb. “Bakı” ilə baş tutmayan görüşə görə İntizam Komitəsi tərəfindən texniki qələbə də alacaq komanda son turun nəticələrindən asılı olmayaraq I yeri tutub. Qızıl medalları təmin edən “Qəbələ” mövsümün son matçına çempion kimi çıxacaq.

 

U-19 qızıl medallarla yanaşı, avrokuboklara vəsiqəni də təmin edib. Belə ki, ötən ildən etibarən bu yaş qrupu üzrə Azərbaycan çempionu UEFA Gənclər Liqasının “Çempionlar yolu”nda çıxış etmək hüququ qazanır. 

 

Xatırladaq ki, “Qəbələ” 2012/2013 mövsümündən keçirilən U-19 Liqasının daimi mükafatçısıdır. İlk yarışın qalibi olan “qırmızı-qaralar” 2013/2014 mövsümündə gümüş, 2014/2015 mövsümündə qızıl medal qazanıb.

 

Komanda bu yarışda həm ikiqat çempion, həm də dördqat mükafatçı olan yeganə klubdur.

0