[b]“Qəbələ” təkzib edir: 15 nəfər necə transfer oluna bilər? [/b]
20.11.2015 - 10:35
[b]“Qəbələ” təkzib edir: 15 nəfər necə transfer oluna bilər?  [/b]

Son illər yüksəlişdə olan və artıq Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyən “Qəbələ” klubunda azarkeşlərlə bağlı da iş aparılır. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatında yazı dərc edilib.

 

Türkiyənin “hurriyet.com.tr” saytında yazılan xəbərdə “Qəbələ”nin “Beşiktaş”dan 15 aparıcı azarkeşi transfer etdiyi qeyd edilib. Onlar tez-tez ölkəmizə gələrək, “Qəbələ” azarkeşlərinə dərs keçirlər.

 

Bunu transfer olan qrupun lideri Sədat Özdəmir deyib. “Əsəbi” ləqəbli “amiqo” “Qəbələ” fanatlarına müxtəlif şüarlar öyrətdiklərini bildirib: “Azərbaycanlı azarkeşlərə şüarlar səsləndirməkdə və müxtəlif məsələlərdə dərs keçirik. Hər həftə ora gedib “Qəbələ” komandasını dəstəkləyirik. Klub rəhbərliyi bunun üçün bizə hər cür şəraiti yaradıb. Orda çətinliklə üzləşməyimizə imkan vermirlər”.

 

Özdəmirin sözlərinə görə, gediş-gəliş üçün təyyarə biletini, oteldə qalmaq, yemək pulunu klub qarşılayır. Bundan başqa, azarkeşlərə gündəlik 100 dollar xərclik və hər qələbə zamanı əlavə mükafat verilir.

 

“Qəbələ” klubunun Media və marketinq üzrə meneceri Səməd Nəsibov isə bu xəbəri təkzib edib. O, yalnız bir oyunda Türkiyədən gələn olduğunu deyib: “15 nəfər necə transfer oluna bilər? Bir dəfə Avropa Liqasında “Apollon”la görüşə Türkiyədən 4 nəfər gəlmişdi. Onlar da bizim holdinqdən kiminsə tanışları idi, şəxsi dəvətlə gəlmişdilər. Yoxsa klubdan əlaqə qurulsun, təlim üçün 15 nəfər gətirilsin, belə şeylər olmayıb. Bir sözlə, doğru xəbər deyil”.