“Qəbələ”dən yenicə ayrılan qapıçı məşqçisi Andrey Qluşenkonun yeni iş yeri məlum olub. Apasport.az saytının məlumatına görə, 42 yaşlı mütəxəssis ölkəsi Ukraynada çalışacaq.
Ailə vəziyyəti ilə əlaqədar bu günlərdə Azərbaycan komandası ilə yollarını ayıran Qluşenko keçmiş komandası “Çernomorets”ə qayıdıb. O, Odessa klubunun U-21 və U-19 komandasının qapıçı-məşqçisi, həmçinin klubun qapıçı məktəbinin kuratoru təyin edilib.
Qeyd edək ki, Andrey Qluşenko “Qəbələ”yə məhz “Çernomorets”dən gəlmişdi. O, 2011-2014-cü illərdə Odessa klubunda “Qəbələ”nin hazırkı baş məşqçisi Roman Qriqorçukun məşqçilər korpusunda yer alıb.