Avropa Liqasının qrup mərhələsinin bu gün keçiriləcək I turunun qarşılaşması “Qəbələ” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Belçikada “Anderlext”in qonağı olacaq “qırmızı-qaralar” avrokuboklarda 25-ci matçını keçirəcək.
Qitə miqyaslı turnirlərdə 2014/15 mövsümündə debüt edən “Qəbələ” ardıcıl 3-cü dəfə Avropa Liqasında mübarizə aparır. İlk mövsümdə 2, ötən il 14 qarşılaşmaya çıxan əyalət klubu bu dəfə 9-cu görüşündə qüvvəsini sınayacaq.
Əvvəlki 24 matçda 8 qələbə qazanan “Qəbələ” 6 heç-heçə edib və 10 dəfə məğlub olub. Rəqib qapılarına 26 qol vuran təmsilçimiz 29 dəfə rəqiblərin fərqlənməsinə üzülüb.
Qeyd edək ki, “Qəbələ” avrokuboklardakı oyun sayında Azərbaycan klublarının yalnız üçündən geri qalır. Bunlar “Qarabağ”, “Neftçi” və “Inter”di.