Qabon yığmasının və Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq Afrika qitəsində 2015-ci ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, ulduz futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
27 yaşlı forvard 2011 və 2014-cü illərdə bu titula sahib çıxan “Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Tureni qabaqlayaraq, Afrikanın ən güclüsü seçilib. Ən çox səs toplayan üçüncü futbolçu isə “Suonsi”nin hücumçusu Andre Ayyu olub.
Afrikada ilin ən yaxşı gənc futbolçusu Viktor Osimhen, ən istedadlısı isə digər nigeriyalı Piter Ogenekaro hesab edilib.
Baş məşqçilərin yarışında Fil Dişi Sahili yığmasının çalışdırıcısı Erve Renar ilin məşqçisi adına layiq görülüb. 2015-ci ildə Afrika Millətlər Kubokunu qazanmış Fil Dişi Sahili yığması isə ən yaxşı komanda seçilib.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq ötən il Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə keçirdiyi iki oyunda 4 qola imza atmışdı. O, Bakıdakı qarşılaşmada het-trik etməklə diqqət çəkmişdi.