[b]“Qərarı buna əsasən verəcəyik” – Ramin Musayev[/b]
22.01.2018 - 13:11
[b]“Qərarı buna əsasən verəcəyik” – Ramin Musayev[/b]

Bu mövsüm Azərbaycan kubokunun finalına ev sahibliyi etməyə 3 stadion namizəddi. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

 

O bildirib ki, mayda baş tutacaq həlledici qarşılaşma böyük ehtimalla bölgələrdən birində keçiriləcək. Musayev əsas namizəd şəhərlərin Gəncə və Naxçıvan olduğunu bildirib: “Ötən il ölkə kubokunun final matçını Naxçıvanda keçirmişdik. Bu dəfə görüşü ya Naxçıvan, ya da Gəncədə təşkil etmək fikrimiz var. Ancaq bunun üçün həmin stadionların birində işıqlandırma sistemi olmalıdı. Qərarımızı buna əsasən verəcəyik. Həmin müddətə kimi məsələ həll olunsa, seçim bu iki stadiondan biri üzərində olacaq”.

 

PFL rəhbəri kubokun finalının Qəbələdə keçirilmək variantının olduğunu da əlavə edib: “Əgər Gəncə və Naxçıvandakı stadionlarda işıqlandırma sistemi quraşdırılmasa, o zaman diqqəti Qəbələyə yönəldəcəyik. Bilirsiniz ki, bu stadion əvvəlki illərdə həlledici qarşılaşmaya ev sahibliyi edib. Orda işıqlandırma sistemi baxımından heç bir problem yoxdu. Sadəcə, “Qəbələ”nin finala çıxıb-çıxmayacağı qərarımıza təsir edəcək”.

 

Hazırda ölkə xaricində olan Ramin Musayev bu il Azərbaycan Superkubokunun keçirilib-keçirilməyəcəyinə isə hələ aydınlıq gəlmədiyini bildirib: “Bu məsələni hələ müzakirə etməmişik. Buna görə də indidən konkret söz deyə bilmərəm”.

 

Ruslan SADIQOV

0