[b]“Qırmızı”da ilişənlər, feyr-pley komandası...[/b]
01.06.2018 - 15:32
[b]“Qırmızı”da ilişənlər, feyr-pley komandası...[/b]

Futzal üzrə Yüksək Liqanın başa çatan oyunları zamanı üç futzalçı 2 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, onlardan biri “Yasamal”ın, digər ikisi “Araz”ın üzvləridi.

 

“Yasamal”dan Omid Oraz XIV turda iki sarı, XXV turda isə birbaşa qırmızı vərəqə alıb. Elə “Araz”ın üzvü Eduardo Borges də eyni aqibətlə üzləşib. Millinin də formasını geyinən müdafiəçi V turda iki sarı, XXVI turda isə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Əvəzində komanda yoldaşı hər iki halda “qırmızı”nı birbaşa alıb. Belə ki, İsa Atayev VI və XXVI turda birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib. Ən kobud tur isə III və XXVI tur olub. Hər iki turda hakimlər 4 oyunçuya qırmızı vərəqə göstərib. Maraqlıdı ki, III turda qırmızı vərəqələr 4 fərqli komandanın oyunçusuna göstərilibsə, XXVI turda “Araz”ın üzvləri hamını qabaqlayıb. Həmin turda göstərilən vərəqələrin hamısı çempionun oyunçularına “qismət olub”.

 

Mövsümün “feyr-pley” komandası
Qırmızıların təsnifatını klublar üzrə aparsaq, “Araz” və “Neftçi” “zirvə”də qərarlaşıb. Hər iki komandanın passivində 6 qırmızı vərəqə var. “Yasamal” onlardan cəmi 1 addım geri qalır – 5 qırmızı. “Xəmsə” 3, “Marafon Futsal” və EKOL-un passivində 2 qırmızı vərəqə var. Mövsümün fair play komandası “FK. İtaldizain Futsal”dı desək, yanılmarıq. Çünku bu komandanın cəmi bir üzvü “qırmızı”da ilişib.

 

Bolinya əlçatmazdı
Bombardirlərin yarışına gəldikdə, bu siyahıya uzun müddət “Marafon Futsal”ın kapitanı Renat Sultanov başçılıq edirdi. Ancaq qış fasiləsindən sonra təcrübəli oyunçu cərrahiyyə əməliyyatı olunub və yalnız son turun oyunlarında meydana dönüb. Artıq gec idi və “Araz”ın “stolba”sı vəziyyəti xeyrinə dəyişmişdi. 34 qol vuran Bolinya Yüksək Liqanın bombardiri olub. “Yasamal”ın üzvü Mortoza Cahandost 25 qolla ikincidi. İranlı legioner Yüksək Liqada top qovan 20-yə yaxın həmyerlisi arasında ən məhsuldarı olmağı bacarıb. Renat Sultanov isə üçüncülüklə kifayətlənib. “Marafon Futsal”ın kapitanı çempionat oyunlarında rəqib torunu 22 dəfə silkələyib.

 

Bir turda iki oyun
İlk iki dövrənin yekunları ilə bağlı hazırladığımız yazıda da qeyd etdiyimiz kimi, Yüksək Liqanın oyunlarının canlı yayımı cari mövsümün əsas qazancalarından biridi. Belə ki, 28 turun 21 oyunu canlı yayımlanıb və xeyli vaxtdı ekranlardan kənarda qalan futzal yenidən tamaşaçıların menyusuna daxil edilib. XIX turun isə 2 oyunu canlı yayımla tamaşaçılara təqdim olunub. Müxtəlif məkanlarda keçirilən digər turlardan isə videosüjetlər hazırlanıb.