“Roman Qriqorçuk ukraynalı məşqçilərin siyahısında ilk “beşliy”ə daxildir. Mixail Fomenko, Miron Markeviç, Nikolay Pavlov və Sergey Rebtob ondan güclüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri tanınmış futbol veteranı İvan Getsko deyib.
Ukrayna millisinin sabiq hücumçusu həmyerlisi Roman Qriqorçukun “Qəbələ”nin baş məşqçisi olmağa razılıq verməsinə münasibət bildirib: “Ən perspektivli ukraynalı məşqçilərdən sayılan Roman Qriqorçuk nə etməli idi ki? Hansısa yerli klub onu baş məşqçi dəvət etsəydi, kim təminat verəcəkdi ki, bu klub qışdan çıxacaq? Onda yenə də pulsuzluqda işləməli olacaqdı? Belə təminatı yalnız top klublar – “Dinamo”, “Şaxtyor”, “Dnepr” verə bilər. Onlarda da məşqçi vakansiyası yoxdur. Rusiyaya gedəydi? Ya təklif olmayıb, ya da Qriqorçuk ölkələr arasındakı münasibətlərə görə prinsipiallıq göstərib ora getmək istəməyib. Qərbi Avropaya isə hələlik ukraynalı məşqçiləri çağırmırlar. Skripnik istisnadır ki, onu da Almaniya formalaşdırıb”.
Getsko bildirib ki, həmyerlisi yenidən Ukraynada çalışmaq ümidini itirməyib: “Qriqorçuk Azərbaycan klubu ilə ilyarımlıq müqavilə imzalayıb. Görünür özünü uzunmüddətli anlaşma ilə ora bağlamaq istəmir. Aydındır ki, qayıtmağa ümidlidir. Vaxtilə Anatoli Demyanenko da belə etmişdi”.