“Millətlər Liqasının püşkatmasını mən də maraqlı izlədim. Türkiyənin qrupuna çətin rəqiblər düşsə də, Azərbaycan üçün eyni sözləri deyə bilmərəm”. Bu sözləri apasport.az saytına açıqlamasında vaxtilə ölkəmizdə işləmiş, “Turan”ın sabiq baş məşqçisi Naci Şensoy deyib.
Kosovo türkü olan 60 yaşlı çalışdırıcı Millətlər Liqasının püşkatmasını dəyərləndirib. O, Kosovo, Malta və Farer adaları yığmalarına rəqib olan Azərbaycan millisinin asan qrupa düşdüyünü bildirib: “Yığmanız üçün rahat rəqiblərdi. Bu mənada, şansınızın çox olduğunu deyə bilərəm. Azərbaycanın bu qrupda birinci yeri tutacağını gözləyirəm. Rəqiblərdən bir az Malta və Kosovo yığmaları Azərbaycana problem yaşada bilər. Amma milliniz dünya çempionatının seçmə mərhələsində həm Kosovo, həm də Maltadan yaxşı təsir bağışladı, onlarla müqayisədə çox xal topladı”.
Şensoy yığmamızın son vaxtlar inkişafda olduğunu qeyd edib: “Azərbaycan Robert Prosineçki ilə irəliləyişə nail oldu. Qurban Qurbanovun bu inkişafı davam etdirəcəyinə heç kim şübhə etməsin. Azərbaycan millisi artıq qorxaqlığı üstündən ata bilib və komandada özünəinam hissi artıb. Buna görə də, Azərbaycanı qrupun favoriti sayıram. Milliniz qrupdan birinci yerdə çıxacaq. Bildiyiniz kimi, Millətlər Liqasından 4 komanda AVRO-2020-yə vəsiqə qazanacaq. Azərbaycan ilk dəfə belə şans qazanıb. Ümid edirəm ki, yığmanız bu şansı dəyərləndirə biləcək və tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə qatılacaq”.
Təcrübəli mütəxəssis yığmamızın Qurban Qurbanovun rəhbərliyinə altında Avropa çempionatına vəsiqə qazanacağına inandığını deyib: “Azərbaycan futbol ictimaiyyəti və mətbuatı milli üzvlərinə, yeni baş məşqçiyə güvənməlidi. 10 il əvvəl heç kim “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynayacağına inanmırdı. Amma Qurban belə düşünmürdü. O, azərbaycanlı futbolsevərlərin yuxusunu gerçəkləşdirə bildisə, millini Avropa çempionatına çıxaracağına da hər kəs inanmalıdı. Mümkün olmayan heç nə yoxdu”.