[b]“Rəqibin zəif nöqtələrini təsbit etmişik” – millimizin kapitanı[/b]
12.09.2016 - 16:46
[b]“Rəqibin zəif nöqtələrini təsbit etmişik” – millimizin kapitanı[/b]

Futzal üzrə dünya çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq Mərakeş – Azərbaycan oyunu öncəsi mətbuat konfransı keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, konfransda millimizin baş məşqçisi Milton Luis Ziller Junior və kapitanı Rizvan Fərzəliyev iştirak edib.

 

Yığmamızın “sükanı arxası”nda rəsmi debüt edəcək Miltinyo komandasını mundiala tam hazır hesab etdiyini bildirib: “Yaxşı hazırlıq keçmişik. İlk dəfə iştirak edəcəyimiz dünya çempionatına hazırıq. İlk oyunda qələbə qazanmaq istəyirik. Mərakeş millisinin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Rəqibimiz haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadı. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilir. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir. Təşkilatçılıq da yüksək səviyyədədi. Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdı”.

 

Rizvan Fərzəliyev isə söyləyib ki, Kolumbiyadakı ilk gündən dünya çempionatının həyəcanını hiss edirlər: “İlk dəfə qatıldığımız çempionatı xoş notlarla yaddaşlara həkk etmək niyyətindəyik. Komandamız qrupumuzun açılış oyununa hazırdı. Yaxşı kollektivimiz var və hər kəs məsuliyyətini dərk edir. Təbii ki, Mərakeşlə oyunda qələbə qazanmaq üçün meydanda əlimizdən gələni maksimum dərəcədə edəcəyik. Məqsədimiz qrupdan növbəti mərhələyə yüksəlməkdi. Bu yolda başlanğıcdan çox şey asılıdı. Rəqibin oyunlarını izləmişik, məşqçilərimiz müəyyən təhlillər aparıb. Bilirik ki, bu mərhələdə zəif komanda olmur. Üstəlik, Mərakeş millisi Kolumbiyaya Afrika çempionu kimi təşrif buyurub. Taktiki-texniki cəhətdən yaxşı təsir bağışlayırlar. Fərdi oyuna üstünlük verirlər. Zəif nöqtələrini özümüz üçün təsbit etmişik. Bundan maksimum yararlanmağa çalışacağıq”.

 

Qeyd edək ki, Mərakeş – Azərbaycan oyunu bu gecə Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

0