[b]“Rəvan” gülüş obyektinə çevrilir [/b]
13.05.2014 - 13:47
[b]“Rəvan” gülüş obyektinə çevrilir [/b]

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Rəvan" XXXV turda "Neftçi"yə məğlub olaraq işini daha da çətinə saldı. Eyni turda "Sumqayıt"ın "Qarabağ"ın ikinci heyətinə qalib gəlməsi "sarı-qırmızılar"ı turnir cədvəlinin sonuncu pilləsinə atdı.

 

Matça gəldikdə isə demək olar ki, "Neftçi" "Rəvan"ı top atəşinə tutmuşdu. Əksər hallarda qapıçı Kamal Bayramov inamlı oyunu, digər qol epizodlarında isə gah dirək, gah da "ağ-qaralı" futbolçuların qeyri-dəqiqliyi hesabın böyüməməyinə səbəb oldu.

 

Matçda "Rəvan" futbolçularının özünə inamsızlığı, gücsüzlüyü öz sözünü deyirdi.  Rəqibini dəfələrlə əks hücumlarda yaxalayan Bayıl təmsilçisi ələ düşən imkanların heç birindən istifadə edə bilmədi. Halbuki, "Rəvan"ın yerinə başqa bir komanda olsaydı,  Böyükağa Hacıyevin komandasını ən azı iki dəfə cəzalandırmışdı. "Sarı-qırmızılar"ın vurduğu qolda isə hər hansı bir taktikadan söz gedə bilməzdi. Sadəcə, Mişel Bolokoqun fərdi ustalığı "Rəvan"ın dadına çatdı. O, Mahir Şükürovun itirdiyi topu ələ keçirərək Saşa Stamenkoviçin qapısına möhtəşəm zərbə vurdu. Buraxılan qolda  serb qapıçını  günahlandırmaq yanlışlıq olardı.

 

"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar matçdan öncə çox iddialı danışırdı. "Bizim "Neftçi"nin məğlub etməyimiz, "Sumqayıt"ın "Qarabağ"ı yenməsindən daha realdı" deyən çalışdırıcı, flaqmanla oyundan sonra təşkil olunmuş mətbuat konfransında dəvəsi ölmüş ərəbi xatırlatdı. Məğlubiyyəti heç cür qəbul etməyən türk çalışdırıcı gah nala vurdu, gah da mıxa. Gah futbolçu qıtlığından, gah da oyunun baş hakimi Orxan Məmmədovun matçı bərbad idarə etməsindən danışdı.

 

Halbuki  referi oyun ərzində elə də ciddi səhvə yol vermədi. Demək olar ki, Məmmədov vəzifəsinin öhdəsindən normal qaydada gəldi. Kurtarın açıqlamaları isə mətbuat konfransında əyləşənlərin gülüşünə səbəb oldu.

 

Maraqlıdı ki, "Rəvan"ın TRT kanalından bəyənilib, baş məşqçi postuna gətirdiyi məşqçi növbəti oyunda "Bakı"nı məğlub edəcəklərini bildirdi.

 

Düzdü, bu, futboldu, hər şey ola bilər.  Onun "Bakı"nı udacağıq" deməsi gülməli deyil. Gülməli olan onun sonuncu turda "11 futbolçu düzəldə bilsək, meydana çıxacağıq" deməsidi.

 

Görünür, mövsümün sonunda meydana çıxarmağa futbolçu tapacağına şübhə ilə yanaşan türk çalışdırıcı möcüzələrə ümid bəsləyir. O, "Sumqayıt"ın ölkə çempionu olan "Qarabağ"ı udmasına da kinayə ilə yanaşdı. Türk çalışdırıcı çempionun məğlub olmasını normal hesab etmir. Görünür,  Kurtar "Sumqayıt"ın bundan əvvəl iki dəfə "Neftçi"ni, "Qəbələ"ni udmasını, "Bakı"nı iki dəfə 3 xaldan məhrum etməsini nəzərə almayıb.

 

Əslində, hansısa klubun çempion olandan sonra qarşıdakı oyunlarda məğlub olması və yaxud da büdrəməsi normaldı. Çünki komanda qarşısına qoyduğu hədəfə çatmaq üçün xeyli əziyyət çəkib və onların istirahət etməsində qəbahətli nəsə yoxdu. Çox uzağa getməyək, guya Kurtarın ölkəsinin çempionu "Fənərbaxça" qızıl medalları təmin etdikdən sonra səfərdə "Akhisar BS" klubuna məğlub olmadı? Guya "Bavariya" Almaniya çempionu olandan sonra səfərdə "Auqsburq"a, evdə Dortmund "Borussiya"sına uduzmadı?

 

P.S. Maraqlıdı, görəsən, dünən "Qarabağ"la "Sumqayıt" yox, "Rəvan" oynayıb, qalib gəlsəydi, hocanın matça şərhi necə olacaqdı? (futbolinfo.az)