Bakının “Rəvan” klubunun ukraynalı qapıçısı Kostyantin Maxnovski milliləşdirilib. Apasport.az saytının məlumatına görə, bunu 26 yaşlı əlcək sahibinin agenti Aleksandr Pankov açıqlayıb.
O, bu barədə özünün instaqram səhifəsində yazıb: “Maxnovski Azərbaycan pasportu alıb. Onu təbrik edib, Azərbaycan yığmasında uğurlar arzulayaq”.
Bu yay paytaxt təmsilçisinə transfer edilən qapıçının milli komandaya cəlb olunacağı gözlənilir. Bununla da yığmanın əsas qapıçısı Kamran Ağayevə rəqabətin artırılması planlaşdırılıb. Topaz Premyer Liqasının ilk 7 turunda 12 qol buraxan ukraynalı Kiyev “Dinamo”sunun yetirməsidi.
O, vətənində “Dinamo-3” (2006), “Obolon” (2011-12), “Sevastopol” (2012-14), Polşada “Petrkoviya” (2007-08), “Lodz” (2008), “Legiya” (2008-11) klublarının formasını geyinib.
“Rəvan” klubundan isə saytımıza bildiriblər ki, bu, həqiqəti əks etdirmir. Maxnovskinin agenti Aleksandr Pankovun “İnstagram” səhifəsində sadəcə olaraq, dostları ilə zarafat edib və “Maxnovski Azərbaycan pasportu alıb. Onu təbrik edib, Azərbaycan yığmasında uğurlar arzulayaq” - yazıb. Ukraynalı jurnalistlər isə heç bir dəqiqləşdirmə aparmadan, bu cür əsassız xəbər yayıblar.
Qeyd edək ki, Maxnovski 2004-06-cı illərdə Ukraynanın U-17 yığmasında çıxış edib.