Topaz Premyer Liqasının XXI turunun açılış oyununun hansı hesabla yekunlaşacağı maraq doğurur. Apasport.az saytının məlumatına görə, “qardaş komandalar” – “Simurq”la “İnter”in bu günkü dueli də diqqət mərkəzindədir.
Statistikaya nəzər salsaq, Zaqatala təmsilçisinin hər zaman “böyük qardaşı” üçün “asan yem” olduğunu görərik. Lakin cari mövsümdə vəziyyət bir qədər dəyişib. Belə ki, “Simurq” tarixində ilk dəfə səfərdə “İnter”i məğlub etməklə yanaşı (2:1), digər görüşdə də uduzmayıb. Özü də, 0:0 hesabı ilə yekunlaşan görüş də Zaqatala şəhər stadionunda təmir işləri aparıldığı üçün “Şəfa”da baş tutub. Əvəzində, “bankirlər” əyalət klubu ilə növbəti 2 oyunu qonaq meydanında keçirəcək.
“İnter”in mükafatlar uğrunda mübarizə apartdığını nəzərə alsaq, “Simurq” əvvəllər olduğu kimi, yenə bakılılara təslim olmalıdır. Ancaq hazırkı şərtlər meydan sahiblərinin uduzmamağını zərurətə çevirib.
“Simurq”un III dövrəyə ardıcıl 2 məğlubiyyətlə başlaması baş məşqçi Georgi Çixradzenin istefasını gündəmə gətirib. “İnter”in gürcüstanlı çalışdırıcısı Kaxaber Sxadadze isə 2012-ci ilin martında Zaqatala təmsilçinin baş məşqçisi təyin edilənədək köməkçisi olan həmyerlisinin işini itirməsini istəmir.
Digər tərəfdən, artıq zaqatalalı azarkeşlər də “Simurq”un “İnter”ə mübarizə aparmadan təslim olmasını həzm etmirlər. Klub rəhbərliyinin və komanda üzvlərinin son “şoular”da fanatların sərt tənqidinə tuş gəlməsi buna sübutdur.
Beləliklə, hazırkı vəziyyətdə ən uyğun nəticə heç-heçədir. Necə deyərlər, nə şiş yansın, nə kabab. “İnter”in bu görüşdə bir çox əsas heyət üzvlərinin xidmətindən məhrum olmasını da “sülh” üçün zəmin kimi qələmə vermək olar. Belə ki, ötən tur Vaqif Cavadov və Brüs Abdulayenin “Rəvan”la matçda son dəqiqələrdə şübhəli sarı vərəqə alaraq, cəzalı duruma düşmələri “Simurq”un məğlub olmayacağından xəbər verir.