“Antalya toplanışı yaxşı keçir, hər şey qaydasındadı. Məşqlərdə əlimizdən gələni edirik. Burada hazırlıq keçmək üçün yaxşı şərait var. Ümid edirəm ki, toplanışdan sonra “Simurq” daha güclü komandaya çevriləcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq”un serbiyalı hücumçusu Draqan Çeran deyib.
28 yaşlı futbolçu hazırlıq müddətində yoxlama oyunlarının onlar üçün böyük önəm kəsb etdiyini vurğulayıb: “Hazırlıq müddətində təkcə məşqlərlə kifayətlənmək olmaz. Təbii ki, yoxlama oyunları da vacibdi. İlk görüşümüzü sabah keçirəcəyik. Əlcəzair klubu ilə qarşılaşmalı idik. Amma rəqibimiz dəyişdi. Nəticədə Qazaxıstanın “Şaxtyor” klubu ilə oynayacağıq. Öz oyunumuzu göstərməliyik. Yoxlama görüşü olsa da, qazaxlara qalib gəlməliyik. Bu, komandada özünəinam hissinin artması üçün vacibdi”.
Qeyd edək ki, Çeran “Simurq”a 2013-cü ildə İsrailin “Makkabi” (Netanya) klubundan transfer olunub.