“Düşünürəm ki, şanslar 50-nin 50-yədir. “Partizan” yaxşı komandadır, ancaq “Neftçi” də ondan geri qalmır. Çox maraqlı oyun olacaq”. Bunu apasport.az saytına “Simurq”un mərkəz müdafiəçisi Marko Stanoyeviç deyib.
Serbiyalı müdafiəçi “Neftçi”nin Avroliqanın pley-off mərhələsinin cavab görüşündə “Partizan”ın hansı təhlükəli futbolçularından çəkinməli olduğunu bildirib: “Hesabı demək çətindir. Bunu heç kim deyə bilməz. “Partizan”ın hücumçularından Lazoviç və Şkuletiç “Neftçi”yə çətinlik yaradacaq. Ola bilsin ki, Drinçiç də komandanıza çətin anlar yaşatsın. Çünki onun təhlükəli zərbələri var”.
O, “Partizan”ın maliyyə problemi yaşaması ilə bağlı yazılanların həqiqətəuyğun olduğunu da söyləyib: “Serbiyada bütün klublarda maliyyə problemi var. Bu, 100 faiz dezinformasiya deyildi. 6 aydır ki, onlar maaş ala bilmir. Sadəcə olaraq “Neftçi” ilə oyun “Partizan” üçün çox vacib olduğundan, bu oyuna çarter reysi ilə gəlməyi lazım biliblər”.
Səbuhi TOFİQOĞLU