Topaz Premyer Liqasında sonuncu pillədə qərarlaşan “Sumqayıt”da problemlər qalmaqdadı. Apasport.az xəbər verir ki, komandanın uğursuz oyunları klub prezidenti Kamran Quliyevi özündən çıxarıb.
Futbolçuların maaş və mükafatları artıq 3 aydı ödənmir. Əldə etdiyimiz məlumata görə, prezident baş məşqçi Aqil Məmmədovun qarşısına qalan turlarda yüksək nəticə göstərməyi şərt qoyub. AZAL üzərində qazanılan qələbəyə görə də mükafatlarını almayan komanda üzvlərinə deyilib ki, ən yaxın izləyiciləri “Rəvan”ı səfərdə məğlub etməlidilər. Bundan sonra maaşlar veriləcək.
Növbəti – XXIX turda “Rəvan”ın qonağı olacaq “Sumqayıt” rəqibindən 1 xal geri qalır.