“Syomin yaxşı, təcrübəli məşqçidi. Rusiyada onun kim olduğunu çox gözəl bilirlər. Odu ki, işsiz qalmasından narahat deyiləm. Bilirəm ki, Syominə təkliflər gələcək”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri futbol meneceri Dmitri Selyuk deyib.
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominlə birgə çalışan Selyuk müştərisi haqda maraqlı fikirlər səsləndirib.
Selyuk hazırda işsiz olan 68 yaşlı çalışdırının yenidən ölkə xaricində işləməsini inandırıcı saymır: “Son vaxtlar Syominin adını “Mordoviya” klubu ilə birgə hallandırırlar. Bu variantın Yuri Palıç üçün nə qədər maraqlı olduğunu bilmirəm. Ölkə xaricində işləməyə gəlincə, Syomin rusdilli məşqçidi. Bir də yaxın ölkələrin çempionatlarının səviyyəsi aşağıdı. Bu mənada, Syominin yenidən ölkə xaricində işləməsi o qədər də inandırıcı deyil. Hər şey öz qərarından asılıdı. İstirahətə davam edə də bilər, hansısa klubla müqavilə imzalaya da”.
Menecer bildirib ki, Syominə daha çox çətin vəziyyətdə olan komandalar təklif göndərirlər: “Bu faktdı ki, yüksəlişdə olan klublar yeni məşqçiyə ehtiyac duymurlar. Onsuz da, onların işi qaydasında gedir. Yeni məşqçini aşağıda olanlar axtarırlar. Kimisə aşağıdan dartıb, çıxarmaq lazım olanda Syominə gərək olur”.
Qeyd edək ki, daha çox Moskva “Lokomotiv”indəki fəaliyyəti ilə yadda qalan Syomin məşqçilik karyerası ərzində “Qəbələ”dən əlavə, Rusiya yığması, Moskva və Kiyev “Dinamo”ları, “Pomir”, “Mordoviya” və “Anji” klublarında da çalışıb. Bir müddət əvvəl onun adı “Neftçi” və “Qəbələ” klubları ilə birgə hallanırdı.