[b]“Xəzər Lənkəran” rumıniyalı futbolçu ilə danışıqlara başladı[/b]
06.01.2015 - 16:12
[b]“Xəzər Lənkəran” rumıniyalı futbolçu ilə danışıqlara başladı[/b]

Mövsümün ikinci yarısına hazırlaşmaq üçün Türkiyəyə yollanan “Xəzər Lənkəran” rumıniyalı futbolçu Adrian Skarlatakeni komandada saxlamaq niyyətindədi. Apasport.az saytının məlumatına görə, cənublular transferə çıxardığı müdafiəçinin heyətə qaytarılması üçün onunla danışıqlar aparır.

Tərəflər ortaq məxrəcə gələcəyi halda, Adrian komandanın Antalya toplanışına qoşulacaq. Bununla komanda arxa xətti təcrübəli oyunçu ilə gücləndirmiş olacaq.

Qeyd edək ki, 2011-ci ilin ilk yarısında icarə əsasında “Xəzər Lənkəran”da çıxış edən, 1 illik fasilədən sonra yenidən transfer olunan Skarlatake klub tarixində ən çox oyun keçirənlər siyahısındadı. Belə ki, 101 rəsmi matçda “ağ-yaşıllar”ın formasını geyən rumıniyalı bu göstəricidə cənubluların 8-ci futbolçusudu. Müdafiəçi bu görüşlərdə 11 qola imza atıb.