[b]“Dopinq”[/b]
03.12.2015 - 10:14
[b]“Dopinq”[/b]

Uşaq yaşlarımızda oxuduğumuz nağıllarda, izlədiyimiz cizgi filmlərində yeddibaşlı əjdahalarla tez-tez "rastlaşırdıq”. Bu əjdahaların bir xüsusiyyəti diqqətimizi cəlb edirdi. Qanlı döyüşlərdə əjdahanın başlarından biri kəsilir, amma çox keçmir ki, həmin başın yerində yenisi peyda olurdu...


"Xəzər Lənkəran”ın dağılacağı, çökəcəyi, futbolçuların komandanı tərk edəcəyi ilə bağlı söz-söhbətlər xeyli vaxtdı yayılır. Bütün bu deyilənlər isə ən çox həssas cənublu azarkeşləri pərişan edir. Yaşananların səbəblərini bilənlər, komandanın hazırkı çətin vəziyyətə düşməsinin kökünün daha çox obyektiv amillərlə söykəndiyini nəzərə alanlar üçün reallığı qəbul etmək daha asandı. Amma azarkeş üçün səbəblər və köklər o qədər də vacib deyil, onlara nəticə və əvvəlki kimi əzəmətli "Xəzər Lənkəran” lazımdı. Məhdud heyətlə onları daim sevindirmək isə heç də həmişə mümkün olmur.

Bununla belə, "gəmiçilər” təslim olmayıb. "Qəbələ”ylə səfərdəki oyun istisna olmaqla, bu mövsüm keçirdiyi heç bir qarşılaşmada Yunis Hüseynov və onun gənc cəngavərləri mübarizəsiz uduzmayıblar. Hələ mən "Böyük oyun”da Rasim Ramaldanovun kobud səhvinin komandanı sındırmasından danışmıram. Elə həmin Rasim komandanın tərk etdikdən sonra bər-bəzəkli açıqlamalar verir, pulsuzluqdan şikayətlənir. Halbuki onun özü gənclərə nümunə olmalı, bir zamanlar fantastik müqavilə qarşılığında keçdiyi komandanın haqqını sona qədər vermək üçün çalışmalıydı. 

"Xəzər Lənkəran”ın durumu göz önündədi. Nə əlavə izahata ehtiyac var, nə də təqdimata. Komanda bu vəziyyətində belə ayaqda durmağa, var olduğunu isbatlamağa çalışır. Milli komandaya iki yetirməsini göndərən cənub təmsilçi  "Kəpəz”lə qarşılaşmaya da özünün yetişdirdiyi 9 futbolçuyla çıxmışdı. 17-18 yaşlı yeniyetmələr meydana çıxdılar və ayaqlarının top tutduğunu, doğma komandaları üçün sona qədər vuruşmağa hazır olduqlarını isbatladılar. Belə yerdə nəticələr, qələbə və məğlubiyyətlər heç də birinci planda olmur. Ən vacibi mübarizə əzmi, çətinliklərdən, vurulan zərbələrdən sarsılmadığını göstərməkdi. İnsan həyatı da belədi. 

"Kəpəz”in gücünü şişirtmək fikrində deyiləm. Amma fakt odu ki, Şahin Diniyevin çalışdırdığı komanda bu gün Azərbaycan çempionatının ən yaxşı ortabablarındandı. Belə bir komandanın kubok yarışında məğlub edilməsi, gənclərin çiyinlərində daşıdığı "Xəzər Lənkəran”ın 1/4 final iştirakçıları sırasında adını yazdırması yetərincə ciddi hadisədi. Şübhə etmirəm ki, bu qələbə Yunis Hüseynov və onun etimad göstərdiyi gənclər üçün yaxşı təsirli "dopinq”ə çevriləcək. 

İqtisadı çətinliklər, FİFA-nın məlum qadağası bu gün "Xəzər Lənkəran”ı zəiflədib. Amma gələcəyə ümidlə baxmaq üçün əsaslar da olmamış deyil. Bu "dopinq”dən klub rəhbərliyinin və azarkeşlərin də pay götürməsi vacibdi. Nəticələrə və turnir cədvəlindəki yerə baxmayaraq, bu gəncləri meydanda tək qoymaq olmaz.

 

Yeri gəlmişkən, rəhbərliyin meydanın ot örtüyünə bir az diqqət ayırması da vacibdi. Ümid edirəm ki, qış fasiləsində "Fırtınalar meydanı”nın qazonuna əl gəzdiriləcək. Klub rəhbərliyi və azarkeşlər ən azından bu futbolçulara psixoloji dəstək olmalıdı. Əmin olun ki, bu gün göstərilən istənilən dəstəyini bəhrəsini çox tezliklə görəcəksiniz. FİFA-nın qadağasının qüvvədən düşməsiylə heyəti bir qədər gücləndirmək mümkün olanda bu "Xəzər Lənkəran” daha böyük işlər görəcək. 

İndi vacib olan "Kəpəz” üzərində qələbənin verdiyi "dopinq”in təsirini azaltmamaqdı!


sport7.az