[b]“Xəzər Lənkəran”ın baş məşqçisi Blajevskinin ayrılma səbəbini açıqladı[/b]
15.12.2014 - 11:51
[b]“Xəzər Lənkəran”ın baş məşqçisi Blajevskinin ayrılma səbəbini açıqladı[/b]

“Blajevski ilə bağlı rəhbərlik açıqlama verib. O, ailəvi problemləri olduğu üçün bizdən ayrıldı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 

Bir neçə gün əvvəl “Xəzər Lənkəran”ın düşərgəsini tərk edərək ölkəsi Makedoniyaya yollanan Deyan Blajevski çox güman Azərbaycana dönməyəcək. Çətin 29 yaşlı yarımmüdafiəçi ilə bağlı hansısa planının olmadığını deyib: “Onsuz da, ilin sonunda onunla danışacaqdıq və son durumuna görə bir qərar verəcəkdik. Amma indi vəziyyət fərqlidi. Hazırda onunla bağlı bir planım yoxdu”.

 

Cənub klubunun baş məşqçisi yarımmüdafiə xəttinə yeni oyunçu almağı düşünmədiklərini də sözlərinə əlavə edib: “Daha güclü və nəticəyə oynaya bilməyimiz üçün bir mərkəz müdafiəçisi və bir hücumçuya ehtiyacımız var. Ümid edirəm ki, bu yöndə önəmli addım atarıq və həmin mövqeləri gücləndirərik. Amma orta sahəyə transfer barədə hələ düşünmürük. Çünki bizim Rahid Əmirquliyev, Alfred Sanko, Rəşad Sadiqov, Fernando Qabriel, Elnur Abdullayev kimi güclü yarımmüdafiəçilərimiz var”.

 

Qeyd edək ki, Deyan Blajevskinin “Xəzər Lənkəran”la müqaviləsi bu ayın sonuna qədərdi.