AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi
- Üç gündən sonra yeni mövsümə start veriləcək. Komandanız Premyer Liqaya nə dərəcədə hazırdı?
- Klubdakı vəziyyətin nə yerdə olduğunu bilirsiniz. Büdcəmiz azalıb, ötənilki heyətdən cəmi 3 futbolçu – Seymur Əsədov, Aydın Qasımov və Stanislav Namaşko qalıb. Qalanları başqa klublara keçiblər. Yaxın günlərdə büdcənin ötənilkinə çatacağına ümid edib, işimizi davam etdiririk. Hazırda büdcəmizə uyğun futbolçuları cəlb etmişik, onlara da ümidimiz böyükdü. Taqim Novruzov, Nüqzar Kvirtiya, Tərlan Xəlilov əvvəllər də AZAL-da çıxış ediblər. Yenidən onları heyətimizə dəvət etdik, təcrübələrinə güvənirik. Birinci diviziondan da bir neçə futbolçu ilə müqavilə imzalamışıq. Sistemimizə uyğun futbolçular seçmişik. Bir neçə yoxlama oyununda güclərini yoxladıq, gördük ki, potensial var. Amma birdən-birə də nəyəsə nail olmaq çətin məsələdi. Ötən il yeni komanda quranda dedim ki, zamana ehtiyacımız var. Doğrudan da, oktyabrın sonu, noyabrın əvvəllərindən öz oyunumuzu tapdıq, komanda nəticələrini yaxşılaşdırdı. 3-4-cü dövrədə daha yaxşı çıxış etdik, çempionata rəng qatdıq. Hazırkı komandam da müəyyən dövrdən sonra özünü yaxşı tərəfdən göstərəcək. Bu, qısa müddətdə həll olunası məsələ deyil. Uyğunlaşma prosesi tam istədiyimiz kimi getmir. Təlim-məşq toplanışına gedə bilmədik. Bakıda, isti havada məşqlər etdik, istədiyimiz qədər yoxlama oyunları keçirə bilmədik. Həftənin 1 və ya 2 günündə iki məşq keçirdik, qalan günlərdə bir məşqlə kifayətlənməli olurduq. Yaxın vaxtda bu problemləri aradan qaldıracağıq.
- Mövsümlərarası fasilədən lazımınca istifadə edə bilmədiniz?
- Əlbəttə. Ötən yay 15 futbolçu ayrılmışdı. Bu dəfə heyətin 97-98 faizi komandanı tərk edib. Komandanı yenidən qurmağımız, Şüvəlandan kənarda təlim-məşq toplanışı keçirə bilməməyimiz, üstəlik, isti havada məşqlərimizi süni meydançada keçirməyimiz problem yaratdı. Hər halda, işimizi davam etdirmişik.
- Amma ötən çempionat başa çatanda bir neçə futbolçunu komandada saxlayacağınız haqda məlumat vermişdiniz...
- Büdcənin bu qədər azalacağını fikirləşmirdim. Müəyyən problemlər var idi. Əmək haqqının gecikməsi hər yerdə olurdu. Fikirləşirdim ki, ötənilki heyətə 2 yerli, bir o qədər də legioner əlavə etməklə güclü komanda quracağıq. Proqramı da belə qurmuşdum. Ancaq məlum səbəblərdən planın üzərindən xətt çəkdim.
- Ötən mövsümdən futbolçulara borc çox qalıb?
- May ayının və aprelin bir hissəsinin maaşı durur.
- Hər dəfə qismətinizə komandanı yenidən qurmaq düşür. Halbuki istənilən məşqçi titul qazanmaq üçün çalışır. Bu situasiya sizi yormur?
- Nəticənin, uğurun qazanılması üçün böyük işlər görülməlidi. Problemlə üzləşmişik, yeni futbolçular cəlb etmişik. Amma prosesin uzunmüddətli olacağına inanmıram. Yəqin ki, qış fasiləsinə qədər hər şey qaydasına düşər, təcrübəli futbolçularla güclənərik. Buna ümid edirik.
- Sizi narahat edən məqamlar hansılardı?
- Əsas problemimiz uyğunlaşma ilə bağlıdı. Bu uşaqların əksəriyyətinin Premyer Liqa təcrübəsi yoxdu, bir qismi isə xeyli vaxt güclülər dəstəsindən kənarda qalıb. Əsas odu ki, əzmkar komanda formalaşdıraq. Buna da nail olacağıq. Məni qorxudan bunlar deyil. İşimi görürəm. Uğurun nə vaxt qazanılacağını Allah bilir. Ancaq bu cür şəraitdə daha çox inkişaf edirsən, nəinki hazır klubda. Hər cür çətinliyə hazır olmalı, çıxış yolu tapmalıyıq. Premyer Liqa təcrübəsi olmayan futbolçulara nəyisə öyrədəndə yeni nələrsə kəşf edirsən.
- Çempionata “Zirə” ilə oyunla start verəcəksiniz. Əksər futbolçularınız indi bu komandanın formasını geyinirlər. Debütantın oyununu izləmisinizmi?
- Onlar bütün matçlarını Türkiyədə keçiriblər. Futbolçularını, məşqçilərini, rəhbərliyini tanıyırıq, amma oyunlarını görməmişik. Bizim futbolçuların “Zirə”yə yollanması onların oyununu bilməyimiz anlamına gəlməməlidi. Çünki hər məşqçinin öz fəlsəfəsi var. Əsas probelmimiz oyunumuzu Premyer Liqa səviyyəsinə uyğunlaşdırmaqdı.
- Ötən müsahibənizdə bəzi futbolçulardan incikliyinizi bildirmişdiniz...
- Konkret ad çəkməmişəm. Demişdim ki, yaxşı gündə gəldilər, vəziyyət bir balaca çətinləşən kimi hamısı getdi. Bir az səbrli olmaq olardı. Rəhbərlik bütün borcları ödəyəcək. Verilməyəcək söhbəti yoxdu. Amma dərhal üz çevirmək düzgün olmaz. Yaxşı gündə yanımda olan çətin vaxtlarda da bizi darda qoymamalı idi. Həm də bir neçə futbolçu oldu ki, bizimlə razılığa gəlsə də, səhərisi gün sms yazdı ki, bəs filan klubla anlaşdım. Həmin futbolçuların üzərindən xətt çəkdim, çünki oyun oynamaq olmazdı.
- Bu günlərdə Avropa çempionu olmağınızın 25 illiyi olacaq. Yubileylə bağlı həmin dövrdə komanda yoldaşınız olmuş futbolçularla tədbir keçirməyi düşünmüsünüz?
- Yubiley keçirmək yox, Moskvadakı yoldaşlardan 1-2-si ilə əlaqə saxladım. Sadəcə, çempionatın gedişinə düşdüyünə görə yığışmağımız alınmadı. Çünki həmin insanlar arasında Rusiya Premyer Liqası klublarında məşqçi, əvəzedicilərdə baş məşqçi işləyənlər var. Yəni onların iş qrafiki ilə düz gəlmədi. Heyf ki, nəsə etməyə gücümüz çatmır. Bu, iş qrafiki ilə əlaqədardı. Ola bilsin, Bakıda bununla bağlı nəsə tədbir keçirim. Amma sualınız mənim üçün sürpriz oldu. Yeganə media qurumusunuz ki, bu məqamı yada saldınız. Təşəkkür edirəm. Avqustun 16-17-də çempionluğu qeyd etdik, 19-da isə Moskvadakı Şeremetov hava limanında idman ustası vəsiqələrini təqdim etdilər.