Sabah Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” qrup mərhələsində son ev oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, bununla Azərbaycan klublarının 7-ci qrup macərasının ev matçları başa çatacaq.
Bunadək 6 dəfə avrokubokların əsas raunduna yüksələn klublarımızın bütün uğurları Avropa Liqası ilə bağlı olub. 7-ci qrup həyəcanı isə qitənin ən nüfuzlu klub turnirində yaşanıb.
Qrup mərhələsindəki əvvəlki mübarizələrin tarixinə baxsaq, son ev oyunlarının uğurlu olduğunu söyləyə bilmərik. Çünki evdəki son matçlarda hələ də qələbə qeydə alınmayıb.
Azərbaycana qrup həyəcanı gətirən ilk komandamız “Neftçi” 2012-ci ildə doğma azarkeşlər önündə son sınağında 1 xala sevinib. Həmin vaxt rəqib qapısına qol da vuran paytaxt təmsilçisi “Partizan”ın qələbəsinə imkan verməyib.
2 il sonra “Qarabağ” Avropa Liqasında təkbaşına mübarizə aparıb. Ağdamlılar son turdakı ev matçında İtaliya “İnter”i ilə qolsuz sülh yaşayıb. 1/16 finalın bir addımlığında qalan təmsilçimizin heç-heçəsi son ev oyunlarındakı axırıncı uğurumuzdu.
İki komanda ilə təmsil olunduğumuz qrup mərhələlərinin finişi uğursuzluqlarla diqqət çəkib. 2015/16 mövsümündə “Qarabağ” V, “Qəbələ” VI turda son ev oyununa çıxıb. Təmsilçilərimiz qol vurmadan məğlubiyyət acısı yaşayıb.
Bir il sonra, yəni ötən mövsüm qrupda yenə “Qarabağ”la “Qəbələ” cütlüyü mübarizə aparıb. Sonuncular V, Ağdam təmsilçisi VI turda evdə meydana çıxıb. Hər iki komanda qol vursa da, xala həsrət qalıb.
Bir sözlə, son iki mövsümdə təmsilçilərimiz son ev oyununda xal qazana bilmir. Üstəlik, V və ya VI tura təsadüf edən ev matçlarında heç vaxt 1-dən artıq qol vurmaq mümkün olmayıb.
Komandalarımızın avrokubokların qrupundakı son ev oyunları
2012/13, Avropa Liqası
22 noyabr. “Neftçi” – “Partizan” (Serbiya) - 1:1
2014/15, Avropa Liqası
11 dekabr. “Qarabağ” – “İnter” (İtaliya) - 0:0
2015/16, Avropa Liqası
26 noyabr. “Qarabağ” – “Tottenhem” (İngiltərə) – 0:1
10 dekabr. “Qəbələ” – “Krasnodar” (Rusiya) – 0:3
2016/17, Avropa Liqası
24 noyabr. “Qəbələ” – “Anderlext” (Belçika) – 1:3
8 dekabr. “Qarabağ” – “Fiorentina” (İtaliya) – 1:2