Lent.az saytının “Pressinq” layihəsinin növbəti qonağı Böyükağa Hacıyev oldu. Təcrübəli məşqçi oxucuların sosial şəbəkə vasitəsilə ona ünvanladığı sualları cavablandırdı.
Asim Ağazadə:
- Sizi nə vaxtsa milliyə baş məşqçi dəvət etsələr, razılaşarsız?
- Mən həmişə demişəm, yenə deyirəm. Azərbaycan millisi hər bir azərbaycanlı məşqçinin şərəf yeridir. Əsgər general olmaq üçün vuruşmursa, hansı əsgərdən söhbət gedə bilər? Hər bir azərbaycanlı məşqçinin ali məqsədi millinin baş məşqçisi olmaqdır. Yığmamızın ağır günlərini yaşamasına baxmayaraq, əsl azərbaycanlı kimi istəyərəm ki, komanda bu vəziyyətdən çıxsın. Bu, artıq keçmişdə qalıb. Bilirsiz ki, komandamız yeni məşqçiyə tapşırılacaq.
Elmir Əliyev:
- Necə düşünürsüz, Robert Prosineçki Azərbaycan millisində özünü doğrulda biləcəkmi?
- Mən onun necə işləyəcəyi ilə bağlı indidən heç nə deyə bilmərəm. Çünki o mənim üçün bir qaranlıq, qapalı sandıqdır. O, baş məşqçi kimi çox komandada fəaliyyət göstərməyib ki, işinə baxaq. Ancaq birinci gündən özünü aparmağından hiss olunur ki, prinsipial məşqçidir. Böyükağa Hacıyev Azərbaycanda doğulub, Azərbaycanda futbol oynayıb və burda məşqçiliyə başlayıb. Mən Azərbaycan futbolunu əzbər bilirəm. Hamı deyir ki, Azərbaycanda futbolçu yoxdur, material cəhətdən qıtlıqdır. Mən bu fikirlə razı deyiləm. Azərbaycanda qədərincə material var, sadəcə onlardan düzgün istifadə etmək və onlara istiqamət vermək lazımdır. Prosineçkinin fəndinə bələd deyiləm. Bu gün biz o adamı dərindən tanımırıq və onun haqda nə mənfi, nə də müsbət rəy yürüdə bilərik. Bu gün desəm ki, yox Prosineçki bacarmayacaq, sabah bacarsa, deməli, mən bu yaşımda yalan danışıram. Zamana ehtiyacı var. İşə başlasın, 1 ay, 40 gündən sonra hər şey aydın olacaq. Ağır zamanda millinin baş məşqçisi postuna keçir. Bunun özü insanda böyük keyfiyyətdir. Deməli, bu adam qorxmur. Çox məşqçi bu vəziyyətdə millinin altına girməz, xüsusən də xarici məşqçi. Bu gün onun risk etməsinin özü alqışa layiqdir.
Zəfər Əliyev:
- Böyükağa müəllim, milli komandamızın dərdi nədir?
- Biz son 5 ili götürək, yəni Berti Foqtsun gündəmdə olduğu vaxtları... Foqts Azərbaycan millisinə heç vaxt aqressiv, hücum futbolu oynatmadı. Nə qədər müdafiə olunsa da, axırda xorvatlardan 6 qol yedilər. Futbolda belə bir aksioma var: ən yaxşı müdafiə elə hücumdur. Əgər bir komanda hücum eləmirsə, qol vəziyyətləri yaratmırsa, necə uda bilər? Azərbaycan millisinin ən böyük bəlası seçimdə idi. Düzgün oyunçu seçimini nəzərdə tuturam. Bax, bu, böyük problemlər yaradırdı bizim üçün.
Eldəniz Abdullayev:
- UEFA-nın “Azərbaycana qarşı qapıçısız da oynamaq olar” fikri bizim futbolun sıfır vəziyyətində olduğunun göstəricisi deyilmi?
- Bu günləri ola bilər ki, Avropa, UEFA bizə 5-ci sinif futbol ölkəsi kimi baxır. Amma bir şeyi unutmayaq ki, bizim futbol həmişə olub və güclü oyunçularla, məşqçilərlə SSRİ dövründə də tanınıb. Əgər Avropa belə bir söz işlədirsə, deməli, böyük səhvə yol verir. Rəqibi heç də kiçiltmək lazım deyil. Bolqarıstan və İtaliya ilə oyunlar uduzulası matçlar deyildi. Sadəcə, Foqtsun qorxaq futbolu bizi çox dala saldı.
Yalçın Bayramov:
- Sizin vaxtınızdakı “Neftçi”nin oyunu üçün darıxmışıq. Həqiqətən də, sizin dövrünüzdəki “Neftçi” daha baxımlı, hücum futbolu göstərirdi...
- Hər məşqçinin öz futbol fəlsəfəsi var. Ola bilməz ki, mənimlə Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev, ya da Arif Əsədovun futbol fəlsəfəsi üst-üstə düşsün. Bir də məşqçi əgər zamanında özü futbol oynayıbsa, çalışır ki, öz oynadığı futbolu komandasına köçürsün. Məşqçi qorxaqdırsa, o heç vaxt hücum futbolu oynada bilməz. Rusların bir gözəl sözü var: risk etmək nəciblikdir. Həyat, ümumiyyətlə, risklərdən ibarətdir. Kim daha güclü risk edirsə, o daha yaxşı yaşayır. Məşqçi istər hazırlıq dövründə, istərsə də məşqlərdə hansı futbolu komandasına aşılayırsa, komanda həmin futbolu oynayır.
Orxan Şirinov:
- “Neftçi”də işləyəndə əcnəbi məşqçilərin qənimi kimi tanınırdız. İndi çalışsaydınız, hansı məşqçini “qaralayardınız”?
- İndi işləsəydim, bir nömrəli hədəfim Muntyanu olardı (“Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanunu nəzərdə tutur – T.M). Çünki onun işində gələcəyə ümid verən bir şey yoxdur. Təsadüfən düşüb, təsadüfən də gedəcək. Sadəcə, bu günləri “Qəbələ” azarkeşini aldadır və başını girləyir. Onun oynatdığı futbolu başa düşə bilmirəm.
Samir Həmidov:
- “Neftçi”nin yetirməsi Emil Balayev “Ayntraxt”a baxışa gedib. Sizcə, baxışdan uğurla keçə biləcək?
- Emil Balayev həddindən artıq tərbiyəli uşaqdır. Perspektivli gənc qapıçılarımızdan biridir. Balayevi “Ayntraxt” elə-belə çağırmayıb. Azərbaycana fikriniz getməsin. Bizdə hamı olub menecer. Hər yerindən duran menecerlik eləyir, bir oyunçu gətirir ki, onu ya bura düzəlsin, ya ora. Xarici klublar isə futbolçu çağırmamışdan qabaq onu uzun müddət müşahidə edirlər. Məhz bunun nəticəsidir ki, Emil Balayevə əyani baxmağa qərar veriblər. Emil bu baxışdan keçsə, biz fəxrlə danışacağıq. İnanıram ki, keçəcək. Emilin ünsiyyət problemi də yoxdur. İngiliscə təmiz danışır. Xaricdə olanda hərdən onun köməyinə ehtiyac duyurdum (gülür). Ağıllı oğlandır, futbola aid olmayan heç bir həkərət eləməz. İnanıram ki, Azərbaycan futbolunu “Ayntraxt”da layiqincə təmsil edəcək.
Elbrus İsmayılov:
- Ömrünüzün çox hissəsini yaşamısız, itiriləcək vəzifəniz, qorxacaq yeriniz yoxdur. Müsahibələrinizin birində demişdiz ki, millinin uğursuzluğunda Rövnəq Abdullayevin günahı yoxdur. Millinin, futbolumuzun bu vəziyyətində AFFA prezidenti də günahkar deyilmi?
- Rövnəq Abdullayev Azərbaycan Neft Şirkətinin, həm də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir. Keçmiş futbolçulara sual verin ki, hansı AFFA prezidentinin vaxtında milli və ya futbolumuz üçün bu şərait yaradılmışdı? Rövnəq Abdullayevin burda bir qram günahı yoxdur. Bu gün milli oynamırsa, Rövnəq müəllimin nə günahı ola bilər? AFFA prezidenti milliyə istənilən qədər təlim-məşq toplanışı təşkil edir, maddi cəhətdən heç bir sıxıntıları yoxdur. Rövnəq Abdullayev özü gəlib məşq keçəsi deyil ki? Bu, biz məşqçilərin işidir. Buna görə də, bizim futbolda əgər bir müqəddəs adam varsa, o da Rövnəq Abdullayevdir.
Namiq Sadıqov:
- “Qarabağ” Avroliqanın qrup mərhələsində “Neftçi”dən artıq xal topladı. Bu sizi qıcıqlandırmır ki?
- Qətiyyən. Bu cığırı mən açmışam və bu mənim adımla bağlıdır. Azərbaycan futbolu tarixində qrup mərhələsinə komanda çıxaran ilk məşqçi mənəm. Çox arzulayaram ki, bu cığırın davamı gəlsin və “Qarabağ” qrupdan 1/8 finala çıxa bilsin. Məni ən çox sevindirən odur ki, bu uğurların hamısı azərbaycanlı məşqçilərin adı ilə bağlıdır.
Şahmurad Yusibov:
- “Araz Naxçıvan”ın çempionatı tərk etməsi bir naxçıvanlı kimi yəqin ki, sizə pis təsir edib. Niyə Naxçıvan komandasının ömrü uzun olmadı?
- Həmişə Naxçıvan futbolundan söhbət düşəndə inanın ki, bir balaca narahat oluram. Mən hər yerdə açıq deyirəm ki, Naxçıvan futbolunun yetirməsiyəm. Və Naxçıvan futbolundan çıxan yeganə SSRİ idman ustasıyam. 1977-ci ildən Sovetlər Birliyi dağılana qədər bu komandanın kapitan sarğısını mən daşımışam. Əlbəttə təəssüflənirəm. Bu komanda böyük uğurlar qazanmalı, irəli getməli idi. Ola bilər düzgün strategiya qoyulmadı. Ola bilər ki, etibarlı əllərdə deyildi. Bu mənim işim deyil, bunu heç araşdırmaq da istəmirəm. “Araz Naxçıvan”a gələcək üçün uğurlar arzulayıram.
Fərid Mirzəyev:
- “Neftçi”də işləyəndə “Çixura” ilə Avrokubok oyunundan sonra demişdiz ki, gürcülər mənimlə bacarmır. Daraseliya, Kipiani, Çivadze, Şengeliya və Mesxi kimi 5 azərbaycanlı futbolçunun adını çəkə bilərsizmi? Amma xahiş edirəm ki, Anatoli Banişevski, İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryova toxunmayasız...
- Hər zamanın öz tələbi var. Bu gün rəhmətlik Kipiani və Daraseliyanı xatırlayırıqsa, anlamalıyıq ki, hər dövrün öz futbolçusu olur. Azərbaycanın indiki gənc nəslində elə futbolçular yetişir ki, məsələn, Mirhüseyn Seyidov, Araz Abdullayev, Qara Qarayev, Bədavi Hüseynov, Ruslan Qurbanov, Elvin Yunuszadə. İndi o sualı verən qoy mənə gürcülərdə bu cür futbolçular sadalasın. Futbol paltar kimi dəbdə olan şeydir. Bir vaxt Braziliya futbolu dəbdə idi. Sonra İngiltərə, Almaniya, Hollandiya, İspaniya və yenidən alman futbolu dəbə mindi. Bir vaxtlar gürcülərdə Kipiani, Daraseliya, Çivadze və Qabeliya var idisə, bu gün də bizdə güclü oyunçular var. Gürcüstan çempionatında oynayanlardan mənə Mirhüseyn, Araz, Emil Balayev göstərsinlər. Futbol gündə dəyişir. Sadəcə, bizimkilərin bədbəxtlikləri ondadır ki, soyadları azərbaycanlı soyadlarıdır. Əgər Abduloviç, Seyidoviç olsaydılar, dünyanın bir çox ölkələrində oynayardılar. Gürcü futbolunu bu gün bizim futbolla müqayisə etmək olmaz. Mən gürcülərə həmişə yerlərini göstərmişəm və gələcəkdə də göstərəcəm. Mən bir məşqçi kimi, qazandığım nəticəni 10 il xərcləməyi xoşlamıram. Bundan yuxarını fikirləşməliyəm. Həmişə deyirəm ki, futbolda bir şedevr əsərim qalıb. Onu heç kimi demirəm ki, nədir. Zaman gələcək, Allah imkan versə, mən həmin şedevr əsərimi də yaradacam.
Elxan Əhmədov:
- Bu yaxınlarda Yunis Hüseynovla Kaxaber Sxadadzenin arasında yenə insident yaşandı. Bundan sonra Kaxa çox tənqid edildi...
- Ataların belə bir məsəli var: Gəmidə oturub, gəmiçi ilə dava edir. Gəlin, açıq danışaq, hansı azərbaycanlı məşqçi gedib Gürcüstanda Kaxa özünü Azərbaycanda apardığı kimi apara bilər? Başını yararlar. Səhv demirəm ki? Deməli, günah bizdədir. Mənim vaxtımda “İnter”lə oynayanda onların prezidenti Nikolov bizi udduqları oyundan sonra dedi ki, “Neftçi” bizim abunəçimizdir. Bu söz mənə çox dəydi. Ondan sonra dalbadal 6-7 oyun mən bunları uddum. Və dedim ki, “İnter” mənim qapazaltımdır, belə də keçirəm sillələyirəm, elə də keçirəm sillələyirəm.
Nizam Rzayev:
- Böyükağa müəllim, 8-9 il əvvəl sizi “Yaguar” markalı avtomobildə görmüşdüm. O ərəfələrdə Bakıda az tapılan maşınlardan idi. Həmin avtomobil indi də dururmu? Ümumiyyətlə, onun tarixçəsi maraqlıdır...
- Bəli, belə bir şey olub. Həmin vaxt “Bakı”da işləyirdim. Hər yaşın öz istəyi var. O, bir az cavan vaxtlarıma düşmüşdü. Bakıda həmin maşından 3-4 ədəd idi, biri də məndəydi. Bu maşını sırf alnımın təri, əməyimlə almışdım. Amma “Yaguar” Bakı şəraiti üçün deyildi. Həmin avtomobil hələ də durur, ancaq istifadə eləmirəm. “Yaquar” Bakıda, dayanacaqların birində yatır, yəqin ki, bundan sonra da yatacaq. Allaha şükür, oğullarımın maşını var, onlarla gəlib-gedirəm. Həmin maşın qaldı tarixdə. Xidmət elədi mənə və xidmətini başa vurdu.
Zamiq Sultanov və Rasim Məmmədli:
- Böyükağa Hacıyev niyə özündən razı kimi tanınır?
- Sizə bir söz deyim... Əgər məşqçidə xarizma yoxdursa, özünə arxayın deyilsə, o heç bir komandanı idarə edə bilməz. Mən komandanı bizdən güclünün olmadığına inandıra bilmirəmsə, komandanı necə çempion edə bilərəm? Məni özündənrazı kimi qəbul edənlər gedib bir az psixologiya oxusunlar. Kənardan baxanlar desə də, Böyükağa Hacıyev özündən razıdır, mənimlə yarım saat dialoq qurandan sonra sadəliyimin şahidi olurlar. Mən azərbaycanlı balası olmağımla fəxr edirəm. Bu məmləkət üçün canım qurbandır.
Tural Rüstəmli:
- Böyükağa müəllim “bu günləri” ifadəsini niyə çox işlədir?
- Çünki biz bu gündən danışırıq (gülür). Nə sabahdan danışırıq, nə də keçmişdən. Bəzi insanlara xatırlatmaq istəyirəm ki, söhbət bu gündən gedir
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı