"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov cənub təmsilçisinin azarkeş saytı olan "12cioyuncu.info"ya müsahibə verib. Apasport.az həmin müsahibəni təqdim edir.
- Komandanın hazırkı vəziyyətini necə xarakterizə edərdiz?
- Nə deyim, "Qəbələ" ilə oyuna hazırlıq tam gücü ilə gedir, komanda daxilində atmosfer əladı, uşaqlar var-qüvvə ilə hazırlaşırlar. Həm fiziki hazırlıq həm də taktiki çalışmalar məşq planına uyğun aparılır.
- Heyətinizdə ciddi itkilər var. Üstəlik, rəqib 7 oyundu məğlubiyyətin nə olduğunu bilmir. Belədə sizcə, bu iki məqam "Qəbələ" ilə oyuna köklənməyə hansısa mənfi təsirini göstərə bilərmi?
- Qeyd edim ki, itkilərimiz kifayət qədər ciddidi. Lakin buna rəğmən, matçda əzmkarlıq hesabına və yaxşı oyunumuzla rəqibin qələbə seriyasını durdurmağa çalışacağıq. Amma əsas məqsədimiz rəqibin hansısa seriyanı davam etdirməsi və ya bunu dayandırmaq zərurəti deyil, biz bütün diqqətimizi öz oyunumuza yönəldirik və istəyimiz də azarkeşlərimiz qarşısında layiqli çıxış etməkdi.
- Azarkeşlərdən söz düşmüşkən, "Xəzər Lənkəran"nın fəal azarkeşləri ilə göruşmək heç urəyinizdən keçibmi? Bəlkə azarkeşlərə ürək sözunuzü demək istəmisiz?
- Çox istərdim belə bir görüş baş tutsun. Öncə bizə dəstək verdiklərinə görə onlara təşəkkür etmək istəyirəm. Əlbəttə, hazırda stadiona gəlməyən azarkeşlərimizi də ayırmaq istəmirəm, onlarla birlikdə biz hamımız bir camiyəyik. Sualınızın cavabına qayıdaraq bildirim ki, belə bir görüşün keçirilməsini çoxdan istəyirəm. Düşünürəm ki, yaxın zamanlarda bu istəyimizi həyata keçirə biləcəyik.
- Yəqin xəbəriniz var ki, azarkeşlərin əksəriyyəti növbəti mövsüm üçün Afrika ölkələrindən, həmçinin Portuqaliyadan bir neçə futbolçunun transfer ediləcəyi ilə bağlı mətbuatda gəzən xəbərlərlə maraqlanırlar…
- Mətbuatda verilən həmin o məlumatlar həqiqətdi: Afrika və Portuqaliya məsələsini nəzərdə tuturam. Yeni futbolçular dəvət olunacaq komandaya.
- "Xəzər Lənkəran" azarkeşləri gələn il daha iddiali bir komanda görmək arzusundadılar...
- İnşallah, görəcəklər, Allahın köməyi ilə. Qeyd etdiyim transfer çalışamlarının həm coğrafi planda, həm də digər nüanslarının strategiyası hazırlanıb, bu işlərə artıq start verilib.
- Klubun idman direktoru Yunis Huseynovun qonşu İrana getməsi və bəzi futbolçuların oyununa baxması doğrudurmu? Ukraynalı Andrey Saxneviç barədə nə deyərdiz?
- Yunis müəllim həqiqətən də İrandadı, Təbrizdə bəzi futbolçuları izləyir. Bu işlər barədə hələ çox danışmaq istəmirəm. Andrey Saxneviç isə hələlik bizimlə məşq edir, deyərdim ki, xoş təsir bağışlayır. İnanıram ki, apellyəsiya məhkəməsi bizə tərəf qərar versin. Vəkillərmiz güclüdü və işlərini biləndi. Yox, məhkəmədə tərslik eləsələr, onda ikinci planımız da var. İnanın ki, "Xəzər Lənkaran" yenə güclü və iddiallı klub olaraq bütün azarkeşləri sevindirəcək.
- Bununla bağlı sualı verməyi gözləmədən özünüz söz saldız. Gəlin FİFA tərəfindən "Xəzər Lənkəran"a transfer qadağası qoyulması mövzusunu davam etdirək…
- Bu məsələ hamını şoka salmışdı, təsəvvür edin ki, bir oyun belə oynamayan futbolçu klubdan FİFA-ya şikayət edir və klubu cəzalandırırlar… Məgər bu ağlabatandımı? Yadınızdadısa, bir dəfə ali futbol qurumları bizə qarşı məhkəmədə uduzub sonra da üzr istəmişdilər. İnanıram ki, bu dəfə də belə olacaq, inşallah.
- Elbrus bəy, rəhbərlik bununla bağlı UEFA-ya FİFA-ya öz etirazını bildiribmi? Bu barədə klub hansı addımları atmaq fikrindədi?
- Qeyd etdiyim kimi, bu işlə indi vəkillər məşğul olur. Onu da deyim, FİFA indiyə kimi heç bir klubdan üzr istəməyib, o vaxt buna bizim vəkillər nail olmuşdu.