[b]"Bunu ancaq öz gözlərinizlə görüb, anlaya bilərsiz" - Qurban Qurbanov[/b]
27.09.2017 - 11:50
[b]"Bunu ancaq öz gözlərinizlə görüb, anlaya bilərsiz" - Qurban Qurbanov[/b]

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliya mətbuatına müsahibə verib. Apasport.az saytı xəbər verir ki, 45 yaşlı çalışdırıcı Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində bu gün “Roma” ilə keçiriləcək oyun və digər məqamlar haqda danışıb. 

 

- İşğal altında olan bölgəni təmsil etmək sizin üçün nə deməkdi?

- Bir azərbaycanlı olaraq, bu barədə danışmaq mənə çətindi. Sizin də bildiyiniz kimi, 1 milyondan çox qaçqınımız var. Ölkəmizin ərazisinin bir hissəsi ədalətsiz şəkildə düşmənlər tərəfindən işğal olunub. Mən bu klubda böyük məmnuniyyətlə çalışıram və öz öhdəliklərimi heç vaxt unutmuram. Öz evlərini, yurdlarını tərk edən insanları daim düşünürəm.

 

- Ağdamda olmusuzmu? Oraya gedəndə hansı hissləri keçirirsiz?

- Bəli, Ağdamda olmuşam. Amma hansı hisslər keçirdiyimi bir müsahibədə başa sala bilmərəm. Ağdam, həqiqətən, gözəl şəhər olub. Bunu ancaq öz gözlərinizlə görüb, anlaya bilərsiz. Daha o yerlərə gedə bilməməyimiz mənim üçün çox ağırdı.

 

- Niyə oyunlarınızı daha Quzanlıda keçirmirsiz?

- Əvvəlki mövsümlərdə orda oynamışıq. Məndən asılı olsaydı, Quzanlıda daha çox vaxt keçirməyimizi istərdim. Əfsuslar olsun ki, orda futbol üçün şərait xoş deyil. Bu səbəbdən oyunlarımızı Bakıda keçirməyə məcburuq.

 

- Bəs tərəfdarlarınız o cür şəraitdə necə yaşayırlar?

- Vəziyyət onlar üçün də ürəkaçan deyil, çox əziyyət çəkirlər. Tərəfdarlarımız “Qarabağ”ı sevirlər. Onlar öz komandaları ilə yaşayırlar.

 

- Necə düşünürsüz, nə vaxtsa Ağdama qayıda biləcəksiz?

- Həmişə ümidlə yaşamaq lazımdı. İşğal altındakı torpaqlarımızın yenidən bizim olması üçün daim Allaha dua edirəm. Bunun həyata keçəcəyinə çox inanıram. Azərbaycan vətəndaşı olaraq, biz də ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəmirik. İşğal altında olan torpaqlarımızın bizə məxsus olduğunu bütün dünyaya nümayiş etdirmək istəyirik. Bu cür imkan qazandığımız üçün şadam. Ölkəmizin başçısı torpaqlarımızın bizə qaytarılması üçün böyük güc sərf edir. Görürəm ki, Azərbaycan və işğalda olan ərazilərimiz haqda yetərincə məlumatınız var. Buna görə sizə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, dünyanın hər yerində sülh görmək istəyirəm.

 

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində oynaması sizin üçün nə deməkdi?

- Çempionlar Liqası Avropanın ən prestijli turniridi. Burda ən yaxşı klublar, futbolçular və məşqçilər iştirak edirlər. Biz kiçik futbol ölkəsiyik. Ölkəmizi və haqsız şəkildə işğal olunan şəhərimizi bu turnirdə təmsil etmək bizim üçün fəxr hissidi.

 

- ÇL-in qrup mərhələsində keçirdiyiniz ilk oyunda “Çelsi”yə 0:6 hesabı ilə məğlub oldunuz. Böyükhesablı məğlubiyyəti necə izah edərdiniz?

- Məlum məsələdi ki, “Qarabağ” və “Çelsi” arasında böyük fərq var. Buna baxmayaraq, hesab başqa cür ola da bilərdi. Bu, turnirin qrup mərhələsindəki ilk matçımız idi. Təcrübəsizliyimiz bizə baha başa gəldi.

 

- Çempionlar Liqasında növbəti görüşünüzü “Roma”ya qarşı keçirəcəksiz. Bu matça necə hazırlaşmısız?

- “Roma” böyük tarixi olan klubdu. Onlar “Çelsi” və “Atletiko” ilə eyni səviyyədədilər. “Roma”nın yaxşı baş məşqçisi, futbolçuları və oyun tərzi var. Biz çox güclü rəqiblə qarşılaşacağıq. "Roma"nın heyətində hansısa futbolçunu fərqləndirə bilmərik. Çünki hər biri yaxşı oyunçudu.

 

- Bu, Françesko Tottinin karyerasını bitirdikdən sonra “Roma”nın keçirdiyi ilk mövsümdü. Fikirlərinizi bilmək maraqlıdı...

- Totti ən yaxşı futbolçulardan biri idi. Onun təqaüdə çıxmasına baxmayaraq, hələ də “Roma”nı Tottisiz təsəvvür edə bilmirəm.   

 

0