“Neftçi” klubunun sabiq futbolçusu və məşqçisi Kamal Quliyevin apasport.az saytına müsahibəsi
- Ölkə kubokunda “Qarabağ”la dünənki oyundan (0:0) sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev onu istefaya səsləyən azarkeşləri xuliqan adlandırıb. Buna münasibətiniz necədi?
- Birincisi, heç kimə səlahiyyət verilməyib ki, öz ölkəsinin vətəndaşına təhqiramiz söz işlətsin. Buna heç kimin ixtiyarı yoxdu. İkincisi, fanatları qruplara bölmək olmaz. Fan-klubların “Forza Neftçi” və ya digər adları ola bilər. Amma fanat fanatdı. Onun hansı qrupda yer almasından asılı olmayaraq, ortada bir “Neftçi” və onun azarkeşləri var. İstər məşqçi, istərsə də futbolçu olsun, fanatlara qarşı belə davranmamalıdı. Bu gün bizim istədiyimiz odu ki, Türkiyə və digər ölkələrdəki kimi, azarkeşləri stadiona yığaq. Buna çalışmaqdansa, onları meydanlardan uzaqlaşdırırıq. O sözləri işlətmək əvəzinə, insanları stadiona cəlb etmək lazımdı. Futbolun gözəlliyi qol və fanatlardı. Heç kimin xətrinə dəymək istəmirəm. Amma bu, şəxsi fikrimdi ki, heç bir halda azarkeşlərə qarşı belə çıxış etmək olmaz. Bu, komandaya biganə yanaşmaq kimi bir şeydi.
- Cari mövsümün əvvəlində rumıniyalı futbolçu Katalin Tira “Neftçi”nin azarkeşinə qarşı etdiyi hərəkətdən sonra klubdan uzaqlaşdırıldı. Rəhbərlik Elxan Abdullayevlə də bağlı eyni addımı atmalı deyil?
- Elxan Abdullayevin dünənki mətbuat konfransında dediyi sözləri oxudum. Mövsümün birinci yarısında başqa söhbət, müsahibələr olurdu. Amma indi dedikləri onlarla üst-üstə düşmür. “Neftçi” Azərbaycan futbolunun tarixidi. Klubun hazırkı durumuna görə çox təəssüf edirəm. Bu sözləri deməkdənsə, hər kəs öz işini görsə, daha yaxşı olar. Heç bir klubun çalışdırıcısı millidə köməkçi məşqçi vəzifəsində işləməməlidi. Sən Azərbaycanın tarixi klubunun baş məşqçisi ola-ola, yığmada da çalışa bilməzsən. “Neftçi”ni yeni götürüb, milli ilə təlim-məşq toplanışına gedir. Bu, məsuliyyətsizlikdi. Kor-kor, gör-gördü. Nəticəsi də belə olmalıdı da. “Neftçi”nin baş məşqçisi onunla nəfəs almalıdı, komanda ilə yatıb, komanda ilə durmalıdı. Amma baş məşqçi millinin heyətində təlim-məşq toplanışına yollanır. Bəli, hamımız yığma üçün çalışırıq. Ancaq sən klubun nəticəsinə cavabdehsən axı.
- Elxan Abdullayev dünənki mətbuat konfransında komandanı Avroliqaya çıxaracağına dair söz vermədiyini bildirib...
- Danışığa baxın. Bədbəxtliyimiz odu ki, sözün düzünü deyəndə xətirlərinə dəyir. Ataların məsəli var ki, səni tərifləyəndən qaç, tənqid edəndən yapış. Necə ola bilər ki, “Neftçi” kimi klubun qarşısına çempionluq və avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmasın? “Neftçi” bu dərəcədə aciz oldu ki, Avroliqaya düşmək uğrunda mübarizə aparmasın? Onda bu komanda çempionatda niyə çıxış edir?
- Baş məşqçinin istəyi ilə qış fasiləsində heyətə xeyli sayda yeni futbolçu cəlb edildi. Çempionatın III və IV dövrələrində “Neftçi”nin oyununda hansısa dəyişiklik hiss olundu?
- “Neftçi”nin oyununun düzələcəyinə dair söz verilmişdi. Hanı bəs? Mən “Sumqayıt”ı zəif saymıram, maşallah, özlərini sübut edirlər. Lakin “Neftçi” kimi komanda belə oyunlarda xallar itirməməlidi. Bu gün rəqib qapıçının qaytardığı topu “Neftçi”nin hücumçusu 3 metrlik məsafədən çərçivəyə yönəldə bilmirsə, biz hansı oyundan danışırıq? Elxan müəllimə də, klubun rəhbərliyinə də hörmətim böyükdü. Amma reallıq deyilən bir şey var. Həm qış fasiləsindən öncə, həm də ondan sonra komanda getdikcə daha ağır vəziyyətə düşür, uçuruma yollanır. Bu gün “Neftçi”də qələbə ruhu yoxdu. Elə çıxış edirlər, sanki “Neftçi” sıradan bir komandadı. Gələn oyunçulara klubun tarixini izah etmək lazımdı. Bilirsiz ki, bu komandada işləmək, oynamaq çox çətindi. Çünki daim göz qabağındasan, səndən nəticə tələb edirlər. O nə deməkdi ki, mən komandanı Avroliqaya çıxaracağıma söz verməmişdim? “Neftçi”nin adı elə komandanın məqsədindən xəbər verir də. “Neftçi”nin titulsuz, avrokuboklardan kənarda qalması nə deməkdi? Mən bunu başa düşmürəm. Bir-birimizi aldatmayaq, yalan danışmayaq. Düzü etiraf etmək özü mərdlik tələb edir. İşimizi itirməməyə görə nəyəsə əl atmaq lazım deyil. Komandanın uğursuzluğuna baş məşqçi cavabdehdi. Əgər bu işi görə bilmirsənsə, bəhanə gətirmək yersizdi, qoy, başqası gəlsin. Bəlkə o nəsə edə bildi.
- Çempionatda 6-cı pillədə qərarlaşan “Neftçi” ölkə kubokunda da mübarizəni dayandırdı. Belə vəziyyətdə azarkeşin istefa şüarını səsləndirməyə haqqı yoxdu?
- Əlbəttə ki, var. Məşqçi gözləməməlidi ki, azarkeşlər onu istefaya səsləsinlər. Bu, fanatların haqqıdı. İspaniyada azarkeşlər əllərində ağ dəsmal yelləməklə, baş məşqçinin istefasını tələb edirlər. Azarkeşlər qışın soyuğunda, yayın istisində bir qarnı ac, bir qarnı tox vəziyyətdə stadiona gedirlər. Çünki onlarda “Neftçi” sevgisi, bu komandaya məhəbbət var. Heç bir baş məşqçiyə ixtiyar verilməyib ki, o, komandasının azarkeşini xuliqan adlandırsın. “Neftçi” titulsuz qalırsa, məşqçi gözləməməlidi ki, kimsə onu istefaya səsləsin. Özü ərizəsini yazıb getməlidi. “Neftçi” bu gün şərait və büdcə baxımından çoxundan üstündü. Klubun hazırkı legionerlərinin hamısını göndərmək lazımdı. Düzdü, mən komandanın içində deyiləm. Amma kənardan hiss edirəm ki, “Neftçi”də əhval-ruhiyyə yaxşı deyil. “Sumqayıt”la matçda “Neftçi”nin mərkəz müdafiəçisi Pavel Dreksanın oyununu gördüm. Vallah, mən özümə ayıb bildim. Onu alçaltmaq istəmirəm, amma formadan çox uzaqdı.
- Son illərdə “Neftçi”nin baş məşqçisi vəzifəsində tez-tez dəyişik edilib. Samir Əliyev, Əsgər Abdullayev və Vəli Qasımovdan sonra ötən ilin sentyabrında bu post Elxan Abdullayevə tapşırıldı. Fakt odu ki, gələnlər ümidləri doğrultmayıblar. Necə düşünürsüz, komandaya illər əvvəlki iddiasını kim qaytara bilər? Sizə “Neftçi”dən təklif gəlsə, bu məsuliyyətin altına girərsiz?
- Kim deyirsə, “Neftçi”ni 2-3 ay ərzində düzəldəcəm, yalan deyir. Bunu deyən şəxs klubun rəhbərliyini aldadır. O komandada böyük işlər görülməli, dəyişikliklər olmalıdı. Bir çox futbolçu getməlidi. Legionerlər yerlilərə nümunə olmalıdı. Onlar Azərbaycanda havayı çıxış etmirlər. Əcnəbiləri gətiriblər ki, yerli oyunçulardan 2 dəfə artıq can qoysunlar, komandanı arxasınca daşıya bilsinlər. Onları gətirməyiblər ki, 2 metrdən qapıya düşə bilməsinlər. Bizdə elə futbolçulardan nə qədər istəsən, var. Bəziləri elə başa düşər ki, qəlbimdə paxıllıq var. Amma Allah şahiddi ki, heç kimin yerində gözüm yoxdu. Bu gün bir parça şorla çörəyim varsa, Allaha şükür edirəm. Sadəcə, yandığımdan deyirəm. Komandanı 10 gün əvvəl təhvil alan baş məşqçi çıxıb milli ilə toplanışa gedir. Dəftərə nəsə qeyd edib, köməkçisinə verməklə deyil. Mən köməkçi də işləmişəm, baş məşqçi də. Üstəlik, uzun illər futbol oynamışam. Baş məşqçi olmayanda köməkçinin nəzarəti altındakı məşqlərimiz göz qabağında olub. Baş məşqçi ayrı şeydi, o, daim öz komandasının başında olmalıdı.