[b]AÇ-2016: Titulunu qorumaq arzusunda[/b]
17.05.2016 - 10:02
[b]AÇ-2016: Titulunu qorumaq arzusunda[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 24 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını D qrupunda yer alan İspaniya ilə davam etdirir. 

 

Püşkatmada 1-ci səbətdə yer alan pireneylilər Fransaya titulunu qorumaq üçün yollanacaq. Ardıcıl 2 dəfə qitə çempionu olan “qırmızılar” növbəti tituluna iddialıdı. Almaniya ilə eyni sayda Avropa çempionluğu olan İspaniya ümumilikdə 4-cü belə zəfəri gözləyir.

 

Düzdü, Xavili, İnyestalı futbolçu nəsli tükənməkdə olan pireneylilər əvvəlki qədər əzəmətli görünmür. Buna da səbəb Avropanın aparıcı klubları “Real”la “Barselona”da aparıcı rollarda legionerlərin olmasıdı. Ən yaxşı ispan futbolçular isə müdafiə və dayaq yarımmüdafiəsi mövqeyində çıxış edir. Bir sözlə, yığmanın hücum xətti əvvəlki qədər təhlükəli deyil.

 

Seçmə mərhələdə ciddi çətinlik çəkməyən ispaniyalılar yalnız startda məğlub olub. Lakin Slovakiyaya yenilgi daha çox arxayınlığın nəticəsi idi. O qədər də güclü olmayan rəqiblərlə qarşılaşmalarda qələbələri sıralayan pireneylilər tsikli 1-ci pillədə başa vurublar. Son Avropa çempionları ardıcıl 8 quru oyun keçirməklə də diqqət çəkib. İlk iki matçda qol buraxandan sonra onların qapısına yol tapan olmayıb.

 

Qapıda hələ də İker Kasilyasa güvənən del Boskenin sərəncamında David de Xea da var. Müdafiə xətti sabit olan İspaniya yığmasının sağ cinahda Xuanfran, solda  isə Xordi Albaya güvənir. 4-3-3 sxeminə uyğun olan hər iki müdafiəçi hücumlara qoşulmağı yaxşı bacarır. Müdafiənin mərkəzi isə Xerard Pike və Serxio Ramos çıxış edir. Bu cütlük dünyanın ən yaxşı mərkəz müdafiəçiləri tandemi də sayılır.

 

Yarımmüdafiədəki “üçlüy”ü təxmin etmək isə çətindi. Sesk Fabreqasın hansı formada olacağı, David Silvadan necə yararlanılacağı orta sahə ilə bağlı suallar yaradır. Sağ cinahda zədədən sonra bərpa prosesi keçən Santi Kasorla da var. Dünyanın ən yaxşı dayaq yarımmüdafiəçilərindən biri Serxio Buskets və onun solunda yer alan Andres İnyestanın da heyətdə olacağı şübhə doğurmur. Lakin sonuncunu İsko və Koke də əvəzləyə bilər.

 

Hücum xəttində Dieqo Kostanın formasından çox şey asılıdı. Onun mərkəzdə yer alacağı, cinahlarda isə Pedro ilə Paok Alkaserin dəstək verəcəyi mümkündü. Lakin Fernando Torres və Alvaro Morata da hücumu gücləndirmək iqtidarında olan futbolçulardı.

 

İspaniya yığmasının qrupdan asanlıqla çıxacağı gözlənilir. Düzdü, del Boskenin yetirmələri son matçlarda qələbə qazan bilmir. Bu il baş tutan yoxlama matçlarında İtaliya (1:1) və Rumıniya (0:0) ilə heç-heçə qeydə alınıb.

 

FİFA reytinqində: 6-cı yer

Ləqəbi: Qırmızılar, qırmızı furiya, buğalar

İlk oyun: Danimarka – 1:0 (1920)

Ən böyükhesablı qələbə: Bolqarıstan – 13:0 (1933)

Ən böyükhesablı məğlubiyyət: İtaliya – 1:7 (1928), İngiltərə - 1:7 (1931)

Titulları: Dünya çempionu (2010), Avropa çempionu (1964, 2008, 2012), Olimpiya çempionu (1992)

Ən çox oyun: İker Kasilyas (166)

Ən çox qol: David Vilya (59)

Final mərhələsinə yolu:

C qrupunda I yer: 9 qələbə, 1 məğlubiyyət, top fərqi 23-3, 27 xal

Slovakiya - 2:0*, 1:2

Ukrayna – 1:0, 1:0

Belarus – 3:0, 1:0

Lüksemburq – 4:0, 4:0

Makedoniya – 5:1, 1:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – imtina edib

1964 – Çempion

1968 – Final mərhələsinə yüksələ bilməyib

1972 – Final mərhələsinə yüksələ bilməyib

1976 – Final mərhələsinə yüksələ bilməyib

1980 – Qrup mərhələsi

1984 – II yer

1988 – Qrup mərhələsi

1992 – final mərhələsinə yüksələ bilməyib

1996 – 1/4 final

2000 – 1/4 final

2004 – Qrup mərhələsi

2008 – Çempion

2012 – Çempion

Baş məşqçi: Visente del Boske

Kapitan: İker Kasilyas

AVRO-2016-da oyunları:

13 iyun. 17:00. İspaniya – Çexiya

17 iyun. 23:00. İspaniya – Türkiyə

21 iyun. 23:00. Xorvatiya – İspaniya

 

 

 

0