[b]Xəbərdarlıq: “wi-fi”yə qoşulmayın![/b]
12.09.2017 - 11:45
[b]Xəbərdarlıq: “wi-fi”yə qoşulmayın![/b]

İngiltərə Futbol Federasiyası maraqlı xəbərdarlıqla yadda qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, federasiya İngiltərə millisinin futbolçularına dünya çempionatı zamanı internetdən istifadə etməməyi tapşırıb.

 

İngilislər gələn il Rusiyada keçiriləcək mundial zamanı futbolçuların və məşqçilər korpusunun otellərdə, həmçinin ictimai yerlərdə “wi-fi”yə qoşulmasının təhlükəli ola biləcəyini vurğulayıblar. Federasiya rəsmiləri hesab edirlər ki, şəxsi məlumatlarla yanaşı, zədəlilərin durumu, taktika, təhlil və ilk “11-liy”in seçimi ilə bağlı informasiyaları hakerlər ələ keçirirlər.

 

Rusiyanın haker qrupu olan “Fancy Bears” ötən ay futbolda qadağan olunmuş maddələrin istifadəsi ilə bağlı məlumatları ələ keçirərək yaymışdı. Adıçəkilən qrup 2015-ci ildə 160, 2016-cı ildə isə 200 futbolçunun dopinq-testdən keçə bilmədiyini iddia etmişdi. Məsələ ilə bağlı narahatlığını FİFA-ya çatdıran İngiltərə Futbol Federasiyası təhlükəsizlikdən şikayətlənib.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində F qrupuna liderlik edən İngiltərə yığması sona iki tur qalmış ən yaxın izləyicisi Slovakiyanı 5 xal üstələyir.

0