“Qarabağ”ın avrokuboklardakı quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi cari mövsümdə ilk qolu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda buraxıb.
II təsnifat mərhələsinin “Samtredia” ilə hər iki matçında qol buraxmayan (5:0, 1:0) çempionumuz “Şerif”lə Bakıdakı oyunda da qapısını toxunulmaz saxlamışdı – 0:0. Moldovakı səfər qarşılaşmasının (2:1) 90+4-cü dəqiqəsində Badibanqa bu seriyanı qırıb.
Ağdam klubu sonuncu dəfə ötən mövsüm Avropa Liqasının qrupunda qol buraxıb. 2016-cı il dekabrın 8-də Bakıda İtaliya “Fiorentina”sına 1:2 hesabı ilə uduzan komandamızı sonuncu məyus edən 76-cı dəqiqədə Kyeza olmuşdu.
236 gündən sonra qapısında qol görən təmsilçimizin quru seriyası 373 dəqiqə davam edib.