[b]"Tapşırığı eşitdilər və öhdəsindən gəldilər" - MÜSAHİBƏ[/b]
19.05.2016 - 00:01
[b]"Tapşırığı eşitdilər və öhdəsindən gəldilər" - MÜSAHİBƏ[/b]

Avropa çempionatının yarımfinal matçında Almaniyanı məğlub etməyi bacaran İspaniyanın U-17 yığmasının baş məşqçisi Santi Denli qarşılaşma başa çatdıqdan sonra təşkil edilən “mixe-zona”da apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Fasilədə futbolçularınıza nə dediniz ki, onlar ikinci hissədə 2 qol vurmaqla finala adlamağı bacardılar?

- Fasilədə onları sakitləşdirməyə çalışdım və bunu bacardım. İkinci tapşırığım rəqibin ikinci dəfə qapımıza yol tapmasına imkan verməməklə bağlı oldu. Çünki Almaniya kimi komandaya qarşı oyunda ikinci topu buraxmaq, məğlub olmaq deməkdi. Üçüncü işim isə onları qələbəyə inandırmaq idi. Bunun da öhdəsindən gəldim.

 

- Ardıcıl 3-cü dəfədi etdiyiniz dəyişikliklə oyunun taleyini həll edirsiniz. Finalda bu hadisə təkrarlansa, bunu bacaracaq gücünüz qalıbmı?

- Heyətimizdə 18 futbolçu var və hər biri istedadlıdırlar. Çalışıram ki, ehtiyatda əyləşənlərlə meydanda olan futbolçu arasında fərq böyük olmasın. Bunun sona qədər davam edəcəyinə inanıram.

 

- Sona yaxın penaltilər seriyasına hazırlaşırdınız, yoxsa qələbə topunu vuracağınıza inanırdınız?

- Penaltilər seriyasına hazır idik. Yaxşı ki, bu mərhələyə ehtiyac olmadı. Olsaydı, dəyişiklik edib, qələbə qazanacaqdıq.

 

- Necə düşünürsüz, finala layiq olan komandalar qaldı?

- Portuqaliya kimi, Hollandiya və Almaniya yığmaları da final oynamağa layiq idilər. Həlledici oyunda xırda dəyişiklik edib, qələbə qazanmağa çalışacağıq.

 

- Bugünkü oyunda qazandığınız qələbəni nəyə borclusunuz: rəqibin arxayınlaşmasına, yoxsa futbolçularınızın əzmkarlığına?

- Komandam əzmkarlıq nümayiş etdirdi, qələbəyə inandı. Bu inam da nəticəsini verdi.

 

- İspaniya Bakıya sonuncu gələn yığma oldu və finala yüksələn millilər arasında ən zəif göstəriciyə malik olandı. Bu baxımdan, finala qədər gələcəyinizə inanırdınızmı?

- Bakıya gəlməmişdən əvvəl futbolçularımla söhbətimiz oldu. Təlim-məşq toplanışında onlara tapşırığım bu oldu: Bakıya yollanan sonuncu komanda bizik, ordan ayrılan yığma da biz olacağıq. Oyunçularım bu tapşırığı eşitdilər və öhdəsindən gəldilər. Təbii ki, hər işin kökündə inam dayanır. Biz də inandıq və finaldayıq.

 

- Qələbə qazanmasaydınız, hakimi günahlandıracaqdınız?

- Qətiyyən. Əksinə, günahı özümdə axtaracaqdım.

0