Bəzi klublardan fərqli olaraq, hələ də heç bir rəsmi transfer etməyən "Xəzər Lənkəran"da artıq qollar çırmalanıb. Apasport.az saytının məlumatına görə, transfer siyahısındakı oyunçularla danışıqları sürətləndirən "ağ-yaşıllar" eyni zamanda heyətində də "təmizləmə işləri"nə başlayıb.
Geridə qalan mövsümün ikinci yarısında bu komandanın formasını geyinən 4 əcnəbidən birinin "Xəzər Lənkəran"dan ayrılacağı artıq demək olar ki, dəqiqləşib. Söhbət yarımmüdafiəçi Alfred Sankodan gedir. Ötən yay həmin vaxtkı baş məşqçi Oğuz Çətinin istəyi ilə "Şanlıurfaspor" klubundan alınan Sankoya yeni çalışdırıcı Yunis Hüseynovun planlarında yer yoxdu. Çox güman ki, syerra-leoneli oyunçu ilə yollar ayrılacaq.
Yunis Hüseynov afrikalının yerinə alınacaq futbolçunu da müəyyənləşdirib. O, "İnter"in yarımmüdafiəçisi Asif Məmmədovu ixtiyarında görmək niyyətindədi. Klub rəhbərliyi də 29 yaşlı futbolçu ilə danışıqlara artıq start verib.
Bu arada, "Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Robert Alviz yenidən Azərbaycanda oynamaq sevdasına düşüb. Xorvatiyalı futbolçu bununla bağlı cənub klubuna müraciət edib. O, yenidən "ağ-yaşıl" formanı geyinmək istəyini rəhbərliyə çatdırıb. Lakin onunla bağlı hələ bir qərar verilməyib.
Qeyd edək ki, Robert Alviz 2012-ci ilin yanvarından 2013-cü ilin iyun ayına qədər "Xəzər Lənkəran"da çıxış edib. 31 yaşlı oyunçu hazırda Sinqapurun "Tampines Rovers" klubunun formasını geyinir.