[b]AFFA Aleksander Çeferini Bakıya dəvət etdi[/b]
16.09.2016 - 15:52
[b]AFFA Aleksander Çeferini Bakıya dəvət etdi[/b]

“UEFA-nın yeni prezidenti Aleksander Çeferini Azərbaycana dəvət etmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Sentyabrın 30-da AVRO-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən biri - Bakının loqosunun təqdimat mərasimi olacaq. Bakı Olimpiya stadionunda baş tutacaq tədbirə UEFA-nın yeni prezidenti Aleksander Çeferinin də qatılacağı gözlənilir.

 

Bununla bağlı danışan Elxan Məmmədov bildirib ki, Bakıya dəvət olunan rəsmi şəxslərin sırasında Çeferin də var: “Bilirsiz ki, Avropa çempionatına ev sahibliyi edəcək hər şəhərin özünün ayrıca loqosu olacaq. Sentyabrın 21-də Londonun, ardınca Münhenin, daha sonra isə Bakının loqosunun təqdimatı keçiriləcək. AÇ-2020-nin oyunlarının baş tutacağı şəhərlərdən ibarət cədvəl qurulub. Qrup mərhələsi və ¼ final görüşlərini keçirəcəyimizə görə, biz siyahıda ilk yerlərdəyik. Buna görə də, Bakının loqosunun təqdimatı sentyabrın 30-na planlaşdırılıb. Təbii ki, təqdimat mərasiminə rəsmi şəxslər də qatılacaqlar. Biz UEFA-nın yeni prezidenti Çeferini Bakıya dəvət etmişik. Yəqin ki, gələr. Bu yaxınlarda dəqiq bilinəcək”.

 

“Aleksander Çeferinlə birlikdə FİFA-nın yeni prezidenti Canni İnfantinonu da Bakıya dəvət etmisizmi?” sualına Məmmədov belə cavab verib: “Bu, ilk növbədə, UEFA-nın tədbiridi. Buna görə də, birinci Çeferini dəvət etmişik”.

 

Qeyd edək ki, AVRO-2020-nin ümumilikdə 4 - qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu paytaxtımızda keçiriləcək.

 

Tengiz MƏMMƏDOV

0