[b]Ağasəlim Mircavadov: Məni tanısan, bu sualı verməzsən[/b]
22.01.2016 - 13:01
[b]Ağasəlim Mircavadov: Məni tanısan, bu sualı verməzsən[/b]

“Nadir Qasımov kimi nəzərdə tutur, bilmirəm. Amma məni deyə bilməz. Çünki mən heç vaxt heç kimdən xal xahiş etməmişəm”. Bunu apasport.az saytına veteran mütəxəssis Ağasəlim Mircavadov deyib.

 

"MKT-Araz"ın sabiq baş məşqçisi Nadir Qasımov əməkdaşımızla söhbətində 2004/05 mövsümündə İmişli klubunu çalışdırarkən digər komandaların baş məşqçilərinin hamısının ondan xal istədiyini bildirmişdi.

 

Həmin vaxt “Neftçi”yə rəhbərlik edən Mircavadov paytaxt klubunu ölkə çempionu etmişdi. Məsələ ilə bağlı onun da fikrini öyrənməyə çalışdıq. Ağasəlim bəy əvvəlcə sakit şəkildə “Mən həmişə vicdanla çalışmışam, heç vaxt da oyun alqı-satqısında iştirak etməmişəm”, deyib.

 

Əməkdaşımızın “Nadir Qasımov bütün məşqçilərin ondan xal istədiyini söyləyib. Həmin vaxt siz də “Neftçi”də işləmisiniz...” sözləri qarşısında xeyli qəzəblənən Mircavadov bu dəfə yüksək tonda danışmağa başlayıb: “Sən məni tanımırsan. Tanısan, bu sualı mənə verməzsən. Nadir Qasımov məşqçidi, hər sözü deyə bilər. Əgər belə deyibsə, ondan soruşun, konkret adlar çəksin”.

 

Qeyd edək ki, 2004/05 mövsümündə çempionun adına “Qızıl oyun”dan sonra aydınlıq gəlmişdi. Gəncədə keçirilən həlledici qarşılaşmada “Neftçi” “Xəzər Lənkəran” üzərində 2:1 hesablı qələbə qazanmışdı.

0