“Zaqatalaya AFFA rəhbərliyinin istəyi ilə səfər etmişdim”. Bu sözləri apasport.az saytına Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Topaz Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Simurq” – “İnter” görüşünü canlı izləyənlər arasında Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimovla Mircavadov da var idi.
Təcrübəli mütəxəssis səfərlərinin səbəbi barədə bunları deyib: “Oyundan əvvəl müəyyən söz-söhbətlər vardı. Yəni, matçın danışılmış olması yönündə xəbərlər yayılmışdı. Bu səbəbdən AFFA mənimlə Rəhimovu həmin qarşılaşmaya ezam etmişdi ki, izləyib, fikrimizi bildirək. Baxdıq, görüş mübarizə şəraitində keçdi. Qol adi oyun epizodunda, uzaqdan vuruldu. “Simurq” ardıcıl 3-cü oyundur məğlub olur. Əvvəl udub, indi uduzsaydı, şübhəli gələrdi. Yəni, hazırda Zaqatala klubunda problemlər var. Ancaq “İnter” qış fasiləsindən sonra bütün görüşlərdə qalib gəlib”.
Qeyd edək ki, “Simurq” – “İnter” matçı qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan öncə isə Zaqatalada heç-heçə qeydə alınacağı yönündə xəbər yayılmışdı.