“ABŞ yığması Azərbaycanla oyunda məşq edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözlər Rusiya millisinin sabiq futbolçusu Aleksandr Mostovoya məxsusdur.
Mətbuatda təhlil xarakterli yazıları ilə diqqət çəkən futbol veteranı sabah keçiriləcək ABŞ – Azərbaycan oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Yazınını böyük hissəsini şimali amerikalılara həsr edən ekspert millimizdən də danışıb: “Amerika Futbol Federasiyasının məsləhətçisi kimi çalışan Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsində özünü asanlıqla təslim olmayan komanda kimi göstərdi. Onlar 10 oyunun 6-da heç-heçə etdi. Düzdür, cəmi 1 qələbə oldu. Lakin azərbaycanlılar meydanda güclərini tam qoymağı bacarırlar”.
Mostovoy oyunla bağlı proqnozunu da verib: “Bu qarşılaşmada ABŞ-ı yalnız qələbə qane edir. Bu da gözləniləndir. Mundial öncəsi qələbə dadını hiss etmək vacibdir. Hər iki komandanın qol vurması ehtimalı da çox yüksəkdir. Amerikalıların bu oyunda qol vuracağına heç bir şübhə yoxdur. Azərbaycan isə son 9 oyunun 8-də qol sevinci yaşayıb”.