[b]Amneziya[/b]
20.02.2014 - 16:35
[b]Amneziya[/b]

“Neftçi” klubunun Topaz Premyer Liqasında III dövrəyə uğursuz başlaması baş məşqçisi Böyükağa Hacıyevin səhhətinə təsirsiz ötüşməyib. “Ağ-qaralar”ın 4 oyundan cəmi 5 xal toplaması 55 yaşlı mütəxəssisin hafizəsində fəsadlara yol açıb.
 

Belə ki, Premyer Liqanın sonuncu - XXII turunda “İnter”lə heç-heçə başa çatan (2:2) görüşün ardından rəqib komandaya “ilişməyi” özünə borc bilən Hacıyev uğursuz bir ifadə işlədib. O, “İnter”in sonuncu dəfə “Neftçi”ni nə vaxt məğlub etdiyi yadıma gəlmir” – söyləməklə, özünü gülünc vəziyyətə qoyub.
 

Statistikaya nəzər saldıqda, Hacıyevin bu açıqlamasının öz uğursuzluqlarına don geyindirməyə, gündəmdə qalmağa hesablanmış bir atmaca olduğuna görmək mümkündür.
 

“İnter” sonuncu dəfə “Neftçi”ni ötən il noyabrın 24-də, Topaz Premyer Liqasının XIV turu çərçivəsində 3:1 hesabı ilə devirib. Böyükağa bəyin könlü xoş olsun deyə, qol vuran futbolçuların adlarını da deyə bilərik. “Şəfa” stadionunda baş tutan matçda meydan sahiblərinin heyətində Vaqif Cavadov dubl edib, digər qolu Aleksandr İaşvili vurub. Qonaq komandadan isə Karlos Kordoso fərqlənib. 
 

Ümumiyyətlə, “İnter”in heç vaxt “Neftçi” ilə bağlı uğursuzluq sindromu olmayıb. Düzdür, oyunların balansında “ağ-qaralar” “bankirlər”dən üstündür (+19=12-7). Lakin “Neftçi”ni həmşəhərliləri üçün uğursuz rəqib adlandırmaq olmaz.
 

“İnter” heç vaxt “Neftçi” ilə görüşlərdə uduzduğu üçün şikayətlənməyib. Ancaq “ağ-qaralar”ın “bankirlər”lə bacarmadıqlarına görə xəcalət çəkdikləri vaxtlar olub. Hacıyevin yaddaşını təzələmək üçün konkret fakt da göstərə bilərik.
 

Belə ki, 18 aprel 2010-cu il tarixində, Premyer Liqanın XXVIII turunda “Neftçi”nin “İnter”i məğlub etdiyi (1:0) görüşün ardından paytaxt klubunun sabiq baş məşqçisi Arif Əsədov bunları söyləmişdi: “Oyundan qabaq futbolçularla söhbət etmişdik. Onlara dedim ki, bir komandaya nə qədər uduzmaq olar? Hər dəfə mətbuat konfransında Sxadadzeni qələbə münasibəti ilə təbrik etməkdən təngə gəldiyimi, xəcalət çəkdiyimi söylədim və bildirdim ki, bu matçda hər kəs öz vicdanına oynamalıdır”.
 

“Neftçi”nin “İnter”in əlindən zara gəldiyi günlər olub, Böyükağa bəy. İlişəndə elə ilişin ki, kəndirin digər ucu ayağınıza dolanmasın...